×
A
A
A
Sazlamalar

Təlimlərin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib

Bakı, 23 may, AZƏRTAC 

Silahlı Qüvvələrin genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu mərhələdə qoşunlar düşmənin gecə vaxtı hücumunun dəf edilməsi, müxtəlif istiqamətlərdə əks zərbələrin endirilməsi və qoşunlarımızın hücuma keçməsi tapşırıqlarını yerinə yetirib.
Mürəkkəb dağlıq relyef və radioelektron mübarizə, həmçinin təlimlərin niyyəti ilə müəyyən edilmiş digər xarakterik xüsusiyyətlər şəraitində keçirilən təlimlərdə qoşunların müasir ümumqoşun əməliyyatlarının keçirilməsinin müxtəlif üsullarının icrası üzrə bacarıq və vərdişləri praktiki olaraq təkmilləşdirilib, qoşunların və idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə səmərəli tətbiqi həyata keçirilib. Müxtəlif təlim poliqonlarında motoatıcı və tank bölmələri raket və artilleriya qurğularından, zenit-raket komplekslərindən, təyyarə və helikopterlərdən döyüş atışlarını və praktiki raket buraxılışlarını icra edib.
Döyüş atışlı mərhələnin yekununda hərbi qulluqçularla görüşdə çıxış edən Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimlərin əhəmiyyətini qeyd edərək qoşunların peşəkarlığını və şəxsi heyətin hazırlığını yüksək qiymətləndirib.

Ordu 2019-05-23 17:16:00