×
A
A
A
Sazlamalar

UNEC III “Science Slam” beynəlxalq elm müsabiqəsinin qalibi müəyyənləşib

Bakı, 23 may, AZƏRTAC

UNEC-də III “Science Slam” beynəlxalq elm müsabiqəsi keçirilib. Beynəlxalq müsabiqənin məqsədi elmin informasiyalarla dolu, anlaşılmayan termin və formullarla deyil, tam fərqli üslubda və prizmadan populyarlaşdırılmasıdır.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, III “Science Slam” müsabiqəsinə bütün fakültələrlə yanaşı, ilk dəfə olaraq Zaqatala filialının da tələbələri qatılıb. Müsabiqənin formatına uyğun olaraq, fakültə qalibləri 10 dəqiqə ərzində öz araşdırmalarını anlaşılan, kreativ və maraqlı şəkildə təqdim ediblər. Tələbələrin elektron xidmətlər, dənizin neftdən təmizlənməsinə ekoloji yanaşma, istehlakçı davranış modeli, dəniz iqtisadiyyatı, informasiya texnologiyaları və sosial şəbəkələr, videooyunların iqtisadiyyatda rolu, irqi ayrı-seçkilik mövzuları barədə araşdırmaları böyük maraqla dinlənilib.
Təqdimatlardan sonra qaydalara uyğun olaraq qaliblərin çıxışları alqış sədaları ilə qiymətləndirilib. Xüsusi cihaz vasitəsilə ölçülən alqışın səs diapazonu qalibi müəyyənləşdirib. 91.3 desibel (dB) səs tezliyində alqış qazanan iqtisadiyyat fakültəsinin tələbəsi Elşən Qurbanov “Videooyunların insan həyatına təsiri” mövzusunda təqdimatı ilə UNEC III “Science Slam” müsabiqəsinin qalibi olub. Biznes və menecment fakültəsinin tələbəsi Məryəm Bağırzadə 90.1 dB ilə ikinci, maliyyə və mühasibat fakültəsinin tələbələri Ləman Nəcəfova və Əsmər Heydərli isə 90.4 dB ilə üçüncü yerə layiq görülüblər.
Qeyd edək ki, “Science Slam” beynəlxalq elm yarışması Azərbaycanda ilk dəfə olaraq UNEC-də keçirilib. Bu müsabiqə dünya üzrə Azərbaycanın adını 6-cı ölkə olaraq “Science Slam” tarixinə yazıb.

Elm və təhsil 2019-05-23 15:40:00