×
A
A
A
Sazlamalar

İqtisadiyyat İnstitutunun əməkdaşı Vyanada təlim kursunda iştirak edib

Bakı 23 may, AZƏRTAC

Avstriyanın Birləşmiş Vyana İnstitutunda (JVI) “Dövlət idarəetmə və struktur islahatları (PGS)” mövzusunda növbəti təlim kursu keçirilib.
AMEA-nın İqtisadiyyat İnstitutundan AZƏRTAC-a bildiriblər ki, birhəftəlik təlimdə beynəlxalq əlaqələr şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rüfət Əfəndiyev də iştirak edib.
Birləşmiş Vyana İnstitutu Mərkəzi, Şərqi və Qərbi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin əsasən dövlət sektorunda fəaliyyət göstərənlər üçün nəzərdə tutulan regional təlim mərkəzidir. İnstitut 1992-ci ildə Avstriyanın (Federal Maliyyə Nazirliyi və Mərkəzi Bank qismində) səlahiyyətli qurumları, Beynəlxalq Valyuta Fondu (IMF) və digər beynəlxalq qurumlar tərəfindən təsis olunub.
JVI əsasən makroiqtisadi siyasətin formalaşması və idarə olunması, vergi siyasəti, habelə dövlət gəlirlərinin, xərclərin idarə olunması, vergi-büdcə institutları və idarəetmə, hüquqi-normativ çərçivə, makroiqtisadi və maliyyə statistikası və bu kimi bir sıra iqtisadi məsələlər üzrə təlim kursları, eləcə də seminar və simpoziumlar təşkil edir.
Qeyd edək ki, JVI Avstriya hökuməti və digər beynəlxalq qurumlar tərəfindən maliyyələşdirilir.

Elm və təhsil 2019-05-23 15:00:00