×
A
A
A
Sazlamalar

Şahin Əliyev: Ölkəmizdə xüsusi Olimpiya hərəkatının inkişafı istiqamətində mühüm işlər görülür

Bakı, 23 may, Leyla Qurbanova, AZƏRTAC

Azərbaycan əhalisinin 6, dünya əhalisinin isə 15 faizini xüsusi qayğıya ehtiyacı olan insanlar təşkil edirlər. Ölkəmizdə əqli imkanının məhdudluğu səbəbindən xüsusi qayğıya ehtiyac duyan insanların cəmiyyətə inteqrasiyası, əlilliyi olan uşaqların həmyaşıdları ilə bərabər hüquqlarının təmin edilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərin miqyası getdikcə genişlənir.
Bu sahədə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın diqqət və qayğısı mühüm rol oynayır. Əqli imkanları zəif insanlar xüsusi yardımçı məktəblərdə, əmək müəssisələrində tam qayğı ilə əhatə olunur. Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan minlərlə insanı sıralarında birləşdirərək onların idman vasitəsilə cəmiyyətə inteqrasiyasını təmin edən Xüsusi Olimpiya Komitəsinin fəaliyyəti bu baxımdan əhəmiyyətlidir.

Komitənin əsas vəzifəsi xüsusi qayğıya ehtiyacı olan insanları
xüsusi Olimpiya hərəkatına cəlb etməkdir

Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev AZƏRTAC-a məxsusi müsahibəsində dövlətin məqsədyönlü siyasəti nəticəsində bütün sahələrin inkişafı, o cümlədən xüsusi Olimpiya hərəkatının tərəqqisi üçün geniş üfüqlər açıldığını bildirib. O, Komitənin əsas vəzifəsinin xüsusi qayğıya ehtiyacı olan insanların, xüsusən uşaq və yeniyetmələrin fiziki sağlamlığının bədən tərbiyəsi və idman, yarışlar, tədbirlər vasitəsilə bərpası, onları ailələrdən, qapalı müəssisələrdən, xüsusi və yardımçı internat məktəblərindən xüsusi Olimpiya hərəkatına cəlb edilməsi olduğunu bildirib: “Əlilliyi olan gənclərə bu cür tədbirlər vasitəsilə onlar üçün çox vacib olan ünsiyyət bəxş edirik. Milli Olimpiya Komitəsi, Gənclər və İdman, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, o cümlədən müvafiq federasiyalar Komitənin fəaliyyətinə yaxından kömək göstərirlər. Bu hərəkatda əsas məqsəd xüsusi olimpiyaçıların məhz böyük idmanla deyil, kütləvi idmanla məşğul olmasını təmin etməkdir. Təsadüfi deyil ki, xüsusi Olimpiya hərəkatının devizi “Mənə imkan verin, mübarizə aparıb qalib gəlim. Qalib gələ bilməsəm də hər yarışdan sonra cəsarətli olum” fikridir. Bu, belə insanların nə qədər həssas münasibətə ehtiyac duyduqlarını aydın göstərir. 

Xüsusi Olimpiya hərəkatında kütləviliyin təmin olunması istiqamətində görülən işlərin miqyası getdikcə genişlənir. Artıq 26 ildir bu hərəkatın üzvü olan Azərbaycanda bu sahənin inkişafı üçün hər cür şərait yaradılıb. Təsadüfi deyil ki, dünya xüsusi Olimpiya Hərəkatının 50 illiyinə həsr olunmuş əsas yubiley tədbirləri məhz Azərbaycanda təşkil olunub. Ölkəmiz ötən il Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin Qlobal Forumuna ev sahibliyi etməklə xüsusi qayğıya ehtiyacı olan insanlara yüksək dəyər verdiyini bir daha nümayiş etdirdi. Qırx beş ölkədən 200-dək gənc liderin iştirak etdiyi forumda inklüziv dünyanın yaradılması üçün geniş təkliflər səsləndirilib.

Regional proqramlar çərçivəsində uşaq və yeniyetmələrin
idman vasitəsilə bacarıqları inkişaf etdirilir

Şahin Əliyev Xüsusi Olimpiya Komitəsinin Bakı şəhəri ilə yanaşı, regionlarda da qayğıya ehtiyacı olan insanların bu hərəkata cəlb edilməsi üçün bir sıra proqramlar həyata keçirdiyini, Bakı və Abşeron yarımadası, Gəncə, Şəki, Sumqayıt, Quba, Lənkəran, Göyçay, Salyanda regional proqramlar çərçivəsində uşaq və yeniyetmələrin idman vasitəsilə bacarıqlarını inkişaf etdirdiyini bildirib. Yerlərdə regional yarışların keçirildiyi, yığma komandaların formalaşdırıldığı, onların yarışlarda iştirakının təmin edildiyi qeyd olunub. 

Xüsusi Olimpiya hərəkatı çərçivəsində həyata keçirilən tədbirlər sırasında ailə proqramı layihəsinin də əhəmiyyətini xüsusi vurğulayan Komitə sədri qeyd edib: “Bu layihədən indiyədək 500-ə yaxın idmançı yararlanıb. Proqramın tərkibində 3-7 yaşlı atletləri əhatə edən digər bir layihə - “Gənc atletlər” isə əqli imkanları məhdud olan uşaqlar üçün yaradılan daha bir imkandır. Xüsusi Olimpiya Komitəsi tərəfindən həyata keçirilən yeniyetmə atlet, adaptiv fiziki tərbiyə proqramları da bu sahənin inkişafına böyük töhfələr verib”.

Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında böyük uğurlar əldə edib

Komitənin prezidenti komandamızın bu ilin martında dördilliyin ən mötəbər turniri olan Xüsusi Yay Olimpiya Oyunlarında parlaq nailiyyət əldə etdiyini də diqqətə çatdırıb: “Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Xüsusi Yay Olimpiya Oyunlarında Azərbaycan komandası atletika, pauerliftinq, cüdo, stolüstü tennis, badminton, futbol, həndbol, basketbol, voleybol və üzgüçülük idman növləri üzrə mübarizə aparıb. Olimpiadada 54 idmançı ilə təmsil olunan yığmamız 25 (6 qızıl, 10 gümüş, 9 bürünc) medal qazanıb. Bu, komandamız üçün çox böyük nailiyyətdir. Ümumiyyətlə, yığmamız beynəlxalq arenalarda keçirilən nüfuzlu yarışlarda böyük uğurlar əldə edirlər”.

Qarşıdakı yarışlara hazırlıq uğurla davam etdirilir

Qarşıdakı beynəlxalq yarışlar barədə də məlumat verən Şahin Əliyev bildirib: “Mayın 24-27-də Hollandiyanın Tilburq şəhərində beynəlxalq futbol turniri keçiriləcək. Qızlardan ibarət futbol komandamız həmin yarışlarda iştirak edəcək. İyunun 25-28-də Litvanın Kaunas şəhərində “Litva kuboku” beynəlxalq futbol turniri keçiriləcək. Həmin yarışda isə oğlanlardan ibarət futbol yığmamız mübarizə aparacaq. Hər iki yarışda komandamızın ölkəmizi yüksək səviyyədə təmsil etməsi üçün bir sıra tədbirlər görülüb. Əminik ki, yığmamız növbəti turnirlərdə də uğurla çıxış edəcək”. 

Komitə prezidenti deyib ki, beynəlxalq yarışlara hazırlıq çərçivəsində ilboyu ölkədaxili turnirlər təşkil edilir, bu yarışlarda əqli cəhətdən qüsurlu idmançıların bərpası və cəmiyyətə inteqrasiyası ilə yanaşı, onların sağlam idmançılarla ünsiyyətinə də böyük önəm verilir. Çünki turnirlərdə sağlamlıq imkanları məhdud uşaqlarla yanaşı, sağlam atletlər də mübarizə aparırlar.

İdman 2019-05-23 13:37:00