×
A
A
A
Sazlamalar

Antonio Quterreş: planetin biomüxtəlifliyinin azalması onun sakinlərinin rifahına birbaşa təhlükədir

Bakı, 22 may, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş biomüxtəlifliyin sürətlə itirilməsinə görə çox narahatdır. Qurbağadan, ev quşlarından tutmuş zürafə və filədək, iri bitkilərdən və mərcanlardan tutmuş xırda həşəratlaradək minlərlə heyvan və bitki növlərinin nəsli kəsilmək təhlükəsi yaranıb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Baş katibin mayın 22-də qeyd edilən Beynəlxalq Bioloji Müxtəliflik Gününə həsr olunan müraciətində əks olunub. A.Quterreş planetimizdə həyatın qorunması üçün vacib olan flora və fauna müxtəlifliyinin çox sürətlə itməsi prosesini dayandırmağa çağırıb.
BMT Baş katibinin müraciətində deyilir: Bioloji müxtəliflik – istər ayrı-ayrı növlərin, istərsə də bütöv ekosistemlərin müxtəlifliyi insanın sağlamlığı və rifahının dəstəklənməsi üçün zəruridir. İçdiyimiz suyun, yediyimiz qidanın, udduğumuz havanın keyfiyyəti təbiətin sağlamlığının qorunmasından asılıdır”.
“Bu gün dünya ekosistemləri təhlükədədir”, - deyə A.Quterreş xəbərdarlıq edib. Bunu dünyanın 50 ölkəsindən 145 alimin 3 il ərzində üzərində işlədiyi biomüxtəliflik və ekoloji sistem üzrə hökumətlərarası elmi-siyasi platformanın bu yaxınlarda dərc olunmuş məruzəsi də təsdiqləyir.
Sənəddə qeyd olunur ki, təxminən 1 milyona yaxın flora və fauna növü tamamilə yox olmaq təhlükəsi ilə üzləşib. Bir çox heyvanlar və bitkilər artıq yaxın onilliklərdə həmişəlik itə bilər. Dənizdəki balıqların 90 faizindən çoxu ovlanır və ya onların ehtiyatları əhəmiyyətli dərəcədə azalır. 1990-cı ildən bəri Yer kürəsində 28,7 milyon hektar meşənin məhv olduğunu bildirən Baş katib xatırladıb ki, məhz meşələr atmosferə atılan zərərli karbon qazı tullantılarının udulmasına kömək edir.
BMT başçısı Beynəlxalq biomüxtəliflik günündə hər kəsi planetimizin bioloji zənginliyinin mühafizəsi üçün təcili tədbirlər görməyə çağırıb.

Ekologiya 2019-05-22 18:27:00