×
A
A
A
Sazlamalar

Elitar Gimnaziyada İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub

Bakı, 22 may, AZƏRTAC
Mayın 22-də İlyas Əfəndiyev adına Elitar Gimnaziyada İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən gimnaziyanın direktoru Sevda Quliyeva Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadlarından biri olduğunu söyləyib. Bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi şairə verilən dəyərin, hörmət və ehtiramın ən yüksək göstəricisidir. Bu Sərəncam Azərbaycan mədəniyyətinin, zəngin tarixi-mədəni irsinin təbliğinə çox böyük töhfədir. Qeyd edilib ki, İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar ölkəmizdə müxtəlif tədbirlər keçirilir.
Tədbirdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçiləri Qüdsiyyə Qəmbərova “Azərbaycan ədəbi dilinin inkişafında Nəsimi mərhələsi” və Türkan Əskərova “Nəsimi və Azərbaycan dili” mövzularda məruzələrlə çıxış ediblər. Bildirilib ki, Nəsimi Azərbaycan dilindən sistemli şəkildə, ardıcıllıqla, məhəbbətlə istifadə edib. Qəzəllərinə insanı tədqiqat obyekti olaraq seçən Nəsimi onu bütün gözəlliklərdən üstün tutaraq ilk dəfə ana dilində bədii nümunələr yaradıb. Nəsiminin dili onun özü haqqında güclü və aydın informasiya verir.
Sonra gimnaziyanın şagirdləri Nəsiminin həyatından bəhs edən səhnəcik təqdim edib, şairin qəzəllərindən nümunələr söyləyiblər.

Elm və təhsil 2019-05-22 18:16:00