Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib
Bakı, 22 may, AZƏRTAC
Mayın 22-də Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov gündəlikdəki məsələlər barədə məlumat verib. Bildirilib ki, gündəliyə üç məsələ daxildir.
Əvvəlcə Ziyafət Əsgərov “Terrorçuluğa qarşı mübarizə haqqında” və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirib ki, dəyişikliklər qanunvericiliyin uyğunlaşdırılması xarakteri daşıyır. Azərbaycan hər zaman terrora qarşı mübarizənin önündə gedən dövlət olduğu üçün ölkəmizdə müvafiq hüquqi bazanın möhkəmləndirilməsinə ciddi diqqət yetirilir.
Sonra “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi təqdim olunub. Qeyd edilib ki, Saziş 2019-cu il aprelin 7-də Ər-Riyad şəhərində imzalanıb. Bu Saziş ölkələrimiz arasında hüquqi bazanın genişləndirilməsinə xidmət edir.
“Fövqəladə vəziyyət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edən Z.Əsgərov deyib ki, dəyişikliklər redaktə xarakterlidir.
Müzakirələrdən sonra qanun layihələri plenar iclasa tövsiyə olunub.
Siyasi partiyalar tərəfindən qəbul edilən qanunsuz ianələrə görə cərimələr müəyyənləşir
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü təsdiqləməsə, nəticə erməni cəmiyyəti üçün ağır olacaq
Azərbaycan parlamenti növbədənkənar sessiyasında 41 məsələni müzakirə edir
İqtisadi Şuranın növbəti iclası olub
Deputatlar Türkiyədə seçkilərə hazırlığın gedişi ilə tanış olacaqlar