×
A
A
A
Sazlamalar

Şamaxı Astrofizika Rəsədxanası: Məktəblilər Günəş sistemi, göy cisimləri haqqında məlumatlandırılıb

Bakı, 22 may, AZƏRTAC

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının gənc alim və mütəxəssislər şurasının sədri Rəcəb İsmayıllının rəhbərliyi ilə rəsədxana əməkdaşları tərəfindən Bakı şəhəri 173 nömrəli tam orta məktəbdə cari tədris ilinin II yarımili ərzində hər bazar ertəsi keçirilən astroloji seminarlara yekun vurulub.
Şamaxı Rəsədxanasından AZƏRTAC-a bildiriblər ki, astroloji seminarların əsas məqsədi elmin kütləviləşdirilməsi, orta məktəb şagirdləri arasında ilkin astronomik anlayışların formalaşdırılması olub. Bununla əlaqədar gənc alimlər tərəfindən orta məktəblərdə kosmos, Günəş sistemi, göy cisimləri, ulduzlar, onların xarakteristikası, qara dəlik və s. mövzularda çıxışlar edilib.
Fizika dərnəyinin rəhbəri, məktəbin fizika müəllimi İlhamə Səfərova Şamaxı Astrofizika Rəsədxanasının elmin kütləviləşdirilməsi sahəsində edilən təşəbbüslərini yüksək qiymətləndirib və bu istiqamətdə görülən işlərin gələcəkdə davam etdirilməsinin əhəmiyyətini qeyd edib.
Sonra rəsədxananın kiçik elmi işçisi Vüsalə Əliyeva “Ulduz nədir” mövzusunda çıxış edib. O, ulduzların formalaşması və təkamülü haqqında şagirdlərə ətraflı məlumat verib və onların suallarını cavablandırıb.
Seminarda fərqlənən şagirdlərə hədiyyələr təqdim olunub.

Elm və təhsil 2019-05-22 11:18:00