×
A
A
A
Sazlamalar

Saçların təmizliyi yuyulmadan çox asılıdır

Bakı, 21 may, AZƏRTAC

Saç gözəlliyin əsas əlamətlərində biridir. Müasir dövrdə qadınların istənilən şəkildə saça malik olmaq imkanları var. Rəng, forma və düzümü seçmək hər kəsin zövqündən asılı olsa da, bu məsələdə ən əsası saçların təmizliyidir.
Bakıdakı 15 nömrəli poliklinikanın dermatoloqu Solmaz Orucova AZƏRTAC-a deyib: “Saçlara qulluq yuyulmadan başlayır. Yuyulma zamanı hər şeyə nəzarət etmək lazımdır. Saçın sağlamlığı onların necə və nə ilə yuyulmasından çox asılıdır.
Saçın yuyulduğu su nə isti, nə də soyuq olmalıdır, ilıq sudan istifadə etmək daha yaxşıdır. İsti su piy vəzlərinin fəaliyyətini intensivləşdirir və nəticədə saçlar tez yağlanır. Soyuq su isə çirki tam təmizləyə bilmir. Şampun seçiminə də diqqətlə yanaşmaq lazımdır. Bu zaman saçların tipini dəqiqləşdirmək mühüm məsələlərdən biridir.
Əgər saç tez-tez yuyulmasına baxmayaraq yağlanırsa, deməli, yağlı saçlar üçün şampundan istifadə etmək lazımdır. Əgər saçlar quru, solğun, ucları haçalı və tez dolaşandırsa, quru və zədələnmiş saçlar üçün olan şampundan istifadə faydalıdır. Bu cür şampunlar həm də kimyəvi maddələr və boyamadan sonra xarab olmuş saçlara da məsləhət görülür. Kimyəvi təsirə və boyamaya məruz qalmayan parıltılı saçlar qadın üçün xəzinədir. Onların sağlamlığını isə mütləq qorumaq lazımdır. Belə olan təqdirdə normal saçlar üçün nəzərdə tutulan şampunlar uyğun gəlir. Orta uzunluqlu saçlar üçün şampunu fındıq həcmində, uzun saçlar üçün qoz həcmində götürmək lazımdır. Şampun əvvəlcə iki ovucun arasında sürtülərək köpükləndirilir və bundan sonra saçlara çəkilir. Köpüklü saçı ən azı 3 dəqiqə yaxalamaq lazımdır. İstifadə edilən şampun nə qədər yaxşı olsa da, hətta çox diqqətlə yuyulsa da, başın dərisindən saç üçün zərərli maddələri tam təmizləmir. Bunun üçün balzam-kondisioner və losyon-kondisionerdən istifadə etmək lazımdır”.
Dermatoloqun dediyinə görə, şampunu eyni firmadan seçilmiş zərərli hissəcikləri neytrallaşdırır: “Onlar qurudulan və nəm saçlara çəkilir, 2-3 dəqiqə saxlayandan sonra yuyulur. Balzam-kondisioner quru, losyon-kondisionerlər isə nəm saçlar üçün məsləhətdir. Yuyulandan sonra saçları mütləq təbii otların dəmləməsi ilə yaxalamaq lazımdır.
Daha sonra isə qaynar fendən istifadə etmək lazım deyil, ən yaxşısı isə saçın öz-özünə qurumasına imkan yaratmaqdır. Saçın qırıq, haçalanan uclarının uzanmasına imkan vermək lazım deyil. Ayda bir dəfə uclarını mütləq kəsdirmək lazımdır. Bu, saçın tez uzanmasına və səliqəli görünməsinə zəmin yaradır”.

Sağlamlıq klubu 2019-05-21 17:00:00