×
A
A
A
Sazlamalar

AMEA ilə Rusiya Elmlər Akademiyası arasında elmi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb YENİLƏNİB VİDEO

Bakı, 21 may, P.İmanova, AZƏRTAC 

Mayın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə ölkəmizdə səfərdə olan Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdən əvvəl qonaqlar Fəxri xiyabana gedərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı önünə gül dəstələri qoyulub.
AZƏRTAC xəbər verir ki, Rəyasət Heyətində keçirilən görüşdə AMEA və REA arasında elmi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişi AMEA-nın prezidenti, akademik Akif Əlizadə və REA-nın prezidenti, akademik Aleksandr Sergeyev imzalayıblar. Sənəddə elm və texnologiyaların prioritet istiqamətləri üzrə birgə elmi və elmi-texniki layihələrin hazırlanması və həyata keçirilməsi, bilik, təcrübə və informasiya mübadiləsi, yüksəkixtisaslı kadrlar hazırlanması, birgə tədbirlər keçirilməsi kimi məsələlər öz əksini tapıb.
Akademik Akif Əlizadə AMEA ilə REA arasında səmərəli əməkdaşlıq əlaqələrindən danışıb, 50 il öncə SSRİ Elmlər Akademiyasının prezidenti, akademik M.Keldışın Azərbaycana səfəri zamanı onu şəxsən müşayiət etdiyini söyləyib.
Akif Əlizadə 1945-ci il martın 27-də Azərbaycan SSR Elmlər Akademiyasının təsis edilməsinin ölkə elminin inkişafında böyük rolu olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə martın 27-si respublikamızda “Elm günü” kimi qeyd edilib.
AMEA-nın prezidenti əməkdaşlıq haqqında sazişin əhəmiyyətindən danışıb. Bildirib ki, müasir elmin çağırışları, bir çox elmi istiqamətlərin multidissiplinar xarakteri, elmin, yeni texnologiyaların və innovasiya fəaliyyətinin inkişafı hər iki qurum arasında müxtəlif sahələr üzrə elmi əlaqələrin gücləndirilməsi məqsədini daşıyan sazişin imzalanmasına zərurət yaradıb.
Akademik Aleksandr Sergeyev görüşə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib. O, bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü, həmin görüşün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Azərbaycana səfərinin əsas məqsədinin ikitərəfli elmi əlaqələrin möhkəmləndirilməsi və daha da genişləndirilməsindən ibarət olduğunu qeyd edib.
Aleksandr Sergeyev sazişin əhəmiyyətindən və perspektivlərdən söz açıb. Əsas məqsədin Xəzərin mineral ehtiyatları, biomüxtəlifliyi, ekoloji problemləri, Xəzər dənizinin iqlim və demoqrafik şəraitə təsiri, neft kimyası, nanotexnologiyalar, kosmik tədqiqatlar, tibb və farmakologiya, tarix, arxeologiya kimi elmi sahələrin prioritet istiqamət olduğunu vurğulayıb.
AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev gələcək tədqiqatlara dair bir sıra təkliflər irəli sürüb. Qeyd edib ki, Xəzər dənizinin biosenozunun öyrənilməsi, paleogenetika məsələləri və Qafqazın biomüxtəlifliyini araşdıran tədqiqatların aparılmasına böyük ehtiyac duyulur.
REA-nın vitse-prezidenti, akademik Taliya Xabriyeva Xəzər dialoqunun iqtisadiyyat, ekologiya, energetika və etnik miqrasiya sahələrində birgə tədqiqatların təşkilinə, həmçinin Xəzər məsələləri üzrə hüquqi bazanın təkmilləşdirilməsi məsələsinə müsbət təsir edəcəyini bildirib.
Sonra AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov nanoplazmonika sahəsində multidissiplinar tədqiqatların aparılması, İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova isə etnogenez, fəlsəfə, mədəniyyətlər və dinlərarası əlaqələrin öyrənilməsinin vacibliyini qeyd ediblər.
Görüşdə, həmçinin REA-nın Xarici Əlaqələr İdarəsinin rəisi Olqa Qluxovtseva, REA prezidentinin katibliyinin rəisi Valeriya Belyanina, Q.V.Plexanov adına RİU-nin Hüquqi Tədqiqatlar və Regional İnteqrasiya İnstitutunun direktoru, professor Rəşad Qurbanov, AMEA-nın vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli, Dilqəm Tağıyev, Rasim Əliquliyev, İradə Hüseynova, AMEA-nın akademik-katibi vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, elmi bölmələrin akademik-katibləri, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva və digərləri iştirak ediblər.

Elm və təhsil 2019-05-21 12:52:00

Video