×
A
A
A
Sazlamalar

AzTU-nun Rumıniya universitetləri ilə əlaqələri inkişaf etdirilir

Bakı, 20 may, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) elektrodinamika və radioelektron vasitələri kafedrasının müdiri, professor Elşad İsmibəyli və elektronika kafedrasının dosenti Elmira Qasımova Avropa İttifaqının “Erasmus+ KA107” layihəsi çərçivəsində Rumıniyanın Piteşti Universitetində elmi ezamiyyətdə olublar.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Texniki Universitetində professor-müəllim heyətinin iştirakı ilə elmi ezamiyyətin nəticələri müzakirə olunub. Professor Elşad İsmibəyli və dosent Elmira Qasımova çıxış edərək keçirilən görüşlər, qarşılıqlı əlaqələrin qurulması və möhkəmləndirilməsi üçün əldə olunan razılaşmalar haqqında məlumat veriblər.
Qeyd olunub ki, səfər çərçivəsində Piteşti Universitetinin professor-müəllim heyəti ilə görüşlərdən əlavə, universitetin müasir elmi-tədqiqat laboratoriyaları ilə tanışlıq olub. Burada AzTU-nun əməkdaşlarına elektrodinamika və energetika sahəsi üzrə müasir elmi-texniki yeniliklərlə bağlı ətraflı məlumat verilib.
Müzakirələr zamanı qərara alınıb ki, AzTU-nun Rumıniya universitetləri, o cümlədən, Piteşti Universiteti ilə əlaqələri inkişaf etdirilsin və elektrodinamika və radioelektron vasitələri kafedrasının Piteşti Universitetinin uyğun kafedrası ilə əməkdaşlığı təmin olunsun.

Elm və təhsil 2019-05-20 17:46:00