×
A
A
A
Sazlamalar

Bakı Mühəndislik Universiteti ilə Gürcüstan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Tbilisi, 18 may, AZƏRTAC

Bakı Mühəndislik Universiteti (BMU) ilə Gürcüstan Texniki Universiteti (GTU) arasında əməkdaşlıq memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, memorandumu BMU-nun rektoru, Azərbaycanın Əməkdar elm xadimi, professor Havar Məmmədov və GTU-nun rektoru, akademik Arçil Pronqişvili imzalayıblar.
Bildirilib ki, sənəddə iki universitet arasında kadr hazırlığı, müəllim və tələbə mübadiləsi, birgə elmi konfrans və dəyirmi masaların təşkili, birgə elmi tədqiqatlar aparılması və s. məsələlər nəzərdə tutulur.
Arçil Pronqişvili çıxışında deyib ki, bu gün Gürcüstan ilə Azərbaycan arasında münasibətlər elm və təhsil sahəsində də uğurla inkişaf edir. Rektor rəhbərlik etdiyi universitetin BMU ilə əməkdaşlığının genişlənməsində maraqlı olduğunu vurğulayıb və bildirib ki, imzalanan memorandum əlaqələrin digər sahələrdə də inkişafında mühüm rol oynayacaq.
Professor Havar Məmmədov Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin tarixinə nəzər salıb, Azərbaycanın hər zaman dost gürcü xalqının yanında olduğunu, əsası Ümummilli Liderimiz tərəfindən qoyulmuş dostluq siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Bu gün ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xüsusi qeyd edib.
Professor Azərbaycanda təhsilin inkişafı, bu sahəyə göstərilən dövlət qayğısı, BMU-nun fəaliyyəti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib, GTU ilə əməkdaşlığın perspektivlərini yüksək qiymətləndirib.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov imzalanan sənədin təkcə universitetlər arasında deyil, iki dövlət və xalq arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Sonra Arçil Pronqişvili tədbir iştirakçılarını Gürcüstan Texniki Universitetin Elmi Şurasının qərarı ilə tanış edib. Bildirib ki, Elmi Şuranın qərarı ilə texnika elmləri doktoru, professor Havar Məmmədov Gürcüstan Texniki Universitetinin fəxri doktoru adına layiq görülüb. Havar Məmmədov bu fəxri ada uzun müddət apardığı elmi araşdırmaların uğurlu nəticələrinə, dünya elminə, eləcə də Azərbaycan və Gürcüstan universitetləri arasında əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə layiq görülüb.
Professor Havar Məmmədov GTU-nun maddi-texniki bazası ilə tanış olub, universitetdə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Elm və təhsil 2019-05-18 13:55:00