×
A
A
A
Sazlamalar

ADNSU ilə “Weir Oil and Gas” şirkəti arasında əməkdaşlıq genişlənir

Bakı, 17 may, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı və bu ali məktəbin bir qrup nümayəndəsi “Weir Oil and Gas” şirkətində olub.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə “Weir Oil and Gas” şirkətinin Rusiya və Mərkəzi Asiya üzrə baş direktoru Altuq Bilqic şirkətin fəaliyyət istiqamətləri, mövcud layihələr və neft-qaz sahəsində yeni texnologiyaların tətbiqi haqqında məlumat verib. O, şirkət ilə ADNSU arasında əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. Hazırda ADNSU-nun 66 tələbəsinin “Gündəlik təcrübə” proqramı çərçivəsində şirkətdə istehsalat təcrübəsi keçdiyini deyən Altuq Bilqic onlardan 3-nün yay təcrübə proqramına qəbul ediləcəyini diqqətə çatdırıb.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetdə həyata keçirilən islahatlar haqqında məlumat verib, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlardan və müvafiq layihələrdən danışıb.
Görüşdə “Weir Oil and Gas” şirkətinin əməkdaşlarının “Dəvətli professor” qismində ADNSU-da tədrisə cəlb edilməsi, şirkətin araşdırma mərkəzində birgə proqramlar həyata keçirilməsi və s. məsələlər müzakirə olunub.
Sonra professor Mustafa Babanlı şirkətdə təcrübə keçən ADNSU tələbələri ilə görüşüb, onların təcrübə prosesi ilə maraqlanıb.
Qeyd edək ki, “The Weir Group” neft-qaz sənayesi üçün avadanlıq istehsalı və onların servis xidməti ilə məşğul olur. 2008-ci ildən qurumun rəsmi təmsilçisi kimi Azərbaycanda fəaliyyətə başlayan “Weir Oil and Gas” şirkətinin 2015-ci ildə müasir avadanlıqlarla təchiz olunan böyük istehsal müəssisəsi açılıb. Hazırda yerli bazarın tələbatının 80 faizini təmin edən “Weir Oil and Gas” şirkəti “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələrində təmsil olunur.

Elm və təhsil 2019-05-17 15:44:00