×
A
A
A
Sazlamalar

Azərbaycan ilə Vyetnam turizm sahəsində tərəfdaşlıq edəcək

Bakı, 16 may, AZƏRTAC

Mayın 16-da Vyetnamın Kuanqnam Vilayəti Xalq Komissiyasının vitse-prezidenti Le Van Thanhın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib. Səfər çərçivəsində təcrübə mübadiləsinin aparılması, əməkdaşlıq imkanlarının öyrənilməsi məqsədilə yerli turizm şirkətləri ilə görüş keçirilib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Vyetnamın Kuanqnam vilayətinin turizm imkanları barəsində təqdimat keçirilib, qarşılıqlı olaraq turist mübadiləsi barəsində müzakirələr aparılıb.
Tədbir çərçivəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ilə Vyetnamın Kuanqnam vilayətinin Xalq Komissiyası arasında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən tərəflər iki ölkənin turizm sahəsində fəaliyyət göstərən müvafiq qurumları və turizm agentlikləri arasında əməkdaşlığın inkişaf etdirilməsi üzrə razılığa gəliblər.
Razılaşmada turizmlə bağlı məlumat mübadiləsi, həmçinin qanunvericilik və turizm sahəsinə aid tənzimləyici aktlar, turizm üzrə statistika, turizm xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və turizm qurumlarının fəaliyyətinin tənzimlənməsi üzrə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.

Turizm 2019-05-16 17:20:00