×
A
A
A
Sazlamalar

Mikro və kiçik sahibkarların Qida Sənayesi sərgisində iştirakına dəstək göstərilir

Bakı, 14 may, AZƏRTAC
Ölkəmizdə qida sənayesi sahəsində fəaliyyət göstərən startapların, mikro və kiçik sahibkarların mayın 15-17-də Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq Qida Sənayesi (“WorldFood Azerbaijan”) sərgisində iştirakına dəstək göstəriləcək.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən AZƏRTAC-a bildirilib ki, qurumun təşkilatçılığı və "ZiraatBank Azərbaycan"ın dəstəyi ilə müxtəlif sahələrdə fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri sərgidə öz məhsullarını və bu sahədə göstərdikləri xidmətləri təqdim edəcəklər. Mikro və kiçik sahibkarlar üçün ayrılmış xüsusi stenddə onlar tərəfindən istehsal edilən meyvə quruları, süd və süd məhsulları, bal, bitki çayları, milli sağlam qidalar, meyvə şirələri, müxtəlif bitki yağları, sosial sahibkarlıq layihəsi olan şokolad və sair məhsullar nümayiş olunacaq.
Qeyd edək ki, KOBİA startapların, mikro və kiçik sahibkarların öz məhsul və xidmətlərini nüfuzlu sərgilərdə təqdim etməsinə, bu sərgilər çərçivəsində onların əməkdaşlıq əlaqələrinin qurulmasına və genişləndirilməsinə dəstək göstərir. Ötən il KOBİA-nın dəstəyi ilə İKT sahəsində startaplar və kiçik sahibkarlıq subyektləri "BakuTel 2018" sərgisində öz məhsul və xidmətlərini təqdim ediblər. Cari il ərzində keçiriləcək müxtəlif sərgilərdə də startapların, mikro və kiçik sahibkarlıq subyektlərinin iştirakına dəstəyin göstərilməsi nəzərdə tutulur.

Sərgilər 2019-05-14 18:57:00