×
A
A
A
Sazlamalar

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd edilib

Bakı, 7 may, AZƏRTAC 

Mayın 7-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl nümayəndəliyin kollektivi Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Həmçinin görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin də xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub.
Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən, şərəfli və mənalı ömür yolundan danışıb. Heydər Əliyevin keçmiş SSRİ-nin rəhbərlərindən biri olduğunu diqqətə çatdıran Bəxtiyar Əsgərov Ulu Öndəri dünya şöhrətli siyasi xadim, böyük nüfuza malik dövlət xadimi kimi xarakterizə edib. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsində müstəsna xidmətləri olub.
Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərdən söhbət açan natiq ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin ölkəmizin dünya miqyasında tanınmasında rolundan danışıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası da bugünkü həyatını və inkişafını məhz ulu öndər Heydər Əliyevə borcludur. Vaxtilə ümummilli lider Heydər Əliyevin verdiyi müdrik qərarlar nəticəsində Naxçıvan öz həyatının yeni və müqayisəsiz dövrünə qədəm qoyub. Heydər Əliyevin iti düşüncəsi, uzaqgörən siyasəti və Azərbaycanın milli maraqlarına cavab verən fəaliyyəti onu bir daha layiqli Azərbaycan övladını - əsl vətəndaş, dərin düşüncə sahibi, Heydər Əliyevə sədaqət məktəbinin öncülü Vasif Talıbovu Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə Sədr seçməyə, ona Naxçıvanın və müstəqil Azərbaycanın inkişafı yolunda geniş fəaliyyət sferası açmağa sövq edib. Ali Məclisin Sədri seçilən Vasif Talıbov ötən dövr ərzində göstərdiyi fəaliyyət uğurları ilə böyük Heydər Əliyevin seçimində qətiyyən yanılmadığını nəinki bir daha sübut edib, Heydər Əliyevin layiqli davamçısı olan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli, sürətli inkişafının aparıcı simalarından birinə çevrilib.
Sonra Ulu Öndərin həyatından, ölkəmizin quruculuq və inkişafı istiqamətində gördüyü misilsiz işlərdən bəhs edən “Müstəqil Azərbaycanın memarı” sənədli filmi nümayiş olunub.
Tədbirdə çıxış edən Xalq şairi Nəriman Həsənzadə, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyev və başqaları vurğulayıblar ki, müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaradıb ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaq və bu irs heç zaman tükənməyəcək. Ulu Öndərin müdrik dövlətçilik fəaliyyətinə xalqımız tərəfindən verilən yüksək qiymətin nəticəsidir ki, 1969-cu ildən başlayaraq 2003-cü ilədək davam edən bu dövr “Azərbaycan tarixinin Heydər Əliyev dövrü” kimi səciyyələndirilir, Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə xilasedici qayıdışı - 1993-cü ilin 15 iyun günü “Milli Qurtuluş Günü” kimi hər il təntənə ilə qeyd edilir.
Bütün dünyada nüfuzlu siyasi xadim kimi tanınan Heydər Əliyev Sovetlər İttifaqı kimi nəhəng dövlətin rəhbərliyində təmsil olunmaqla öz fitri istedadı və şəxsi nüfuzu ilə fərqlənir, görkəmli dövlət xadimi və müdrik siyasətçi kimi ən yüksək vəzifəyə çəkilməyə layiq bilinirdi. O, ilk azərbaycanlı idi ki, belə zirvəyə gəlib çıxmış, Azərbaycanın güvənc yerinə və bütün türk dünyasının fəxrinə çevrilmişdi. Hər zaman Azərbaycan xalqının mənafeyini düşünən Heydər Əliyev azərbaycanlı olması ilə fəxr edirdi. Dahi rəhbərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” müdrik kəlamı hər bir azərbaycanlının iftixarla səsləndirdiyi şüara çevrilib.

Daxili siyasət 2019-05-07 15:47:00