×
A
A
A
Sazlamalar

“Ariane Group” yeni Ariane-6 raketlərinin istehsalına başlayıb

Bakı, 6 may, AZƏRTAC

“Ariane Group” aerokosmik şirkəti mayın 6-da yeni Ariane-6 raketlərinin istehsalına başladığını bəyan edib. AZƏRTAC xəbər verir ki, şirkətin bununla bağlı yayılan məlumatında raketin 2020-ci ilin ikinci yarısında fəzaya buraxılacağı qeyd edilib.
Məlumatda bildirilir ki, 2021-ci ildən 2023-cü ilədək yeni raketdaşıyıcının 14 buraxılışı həyata keçiriləcək. Onların seriya istehsalına isə 2021-ci ildən başlanacaq. Korporasiyanın başçısı Andre-Yuber Russel deyib ki, şirkətin müştəriləri yeni raketi səbirsizliklə gözləyirlər. Onun sözlərinə görə, Ariane-6 planlaşdırılmış vaxtda onlara təqdim ediləcək.
“Ariane Group” korporasiyası Ariane-6 raketlərinin hazırlanmasına 2009-cu ilin iyununda başlayıb. 2013-cü ilin iyulunda isə Avropa Kosmik Agentliyi yeni daşıyıcının ilkin konfiqurasiyasının yekunlaşdığını bəyan edib. Bu agentliyə üzv olan ölkələrin 2014-cü ilin dekabrında keçirilən nazirlər səviyyəsində iclasında yeni raketdaşıyıcısının son konfiqurasiyası bəyənilib. İclasda bildirilib ki, raketdaşıyıcı faydalı yükləri aşağı dayaq orbitinə və ya geoloji cəhətdən keçici orbitə daşımaq üçün nəzərdə tutulub. Bundan sonra raketin iki variantını hazırlamaq qərara alınıb. A62 adlanan ilk variant iki sərt sürətləndirici ilə təchiz edilmiş və çəkisinə görə iki kiçik peyki daşıyacaq yüngül raketdir. İkinci variant – A64 isə ağırdır və dörd sürətləndirici ilə təchiz edilib. O, irihəcmli elmi və hərbi təyinatlı peykləri orbitə çıxarmaq üçün nəzərdə tutulub.

Texnologiya 2019-05-06 19:11:00