×
A
A
A
Sazlamalar

Robert Kubitsa: Bakıda xal qazanmağımız demək olar ki, qeyri-mümkündür

Bakı, 26 aprel, AZƏRTAC 

Bakıda bundan əvvəlki yürüşlər hadisələrlə zəngin olub. Bu, gözlənilməz nəticələrə gətirib çıxarıb. “Williams” komandasına da bu, qismən ümid verir, lakin Robert Kubitsa öz şanslarını obyektiv dəyərləndirir.
-Bakıda yürüşlər adətən hadisələrlə zəngindir. Komandanın bu uik-enddə xal qazanmaq uğrunda mübarizə apara biləcəyi barədə sizin təsəvvürləriniz varmı?
-Ötən illərdə baş verənlərə görə deyə bilərəm ki, Bakıda hər şey ola bilər. İlk üç yürüşü nəzərə alsaq, bu illə müqayisədə biz 2018-ci ildə digər komandalara daha yaxın idik. Bir tərəfdən bu trasda hər şeyin baş verəcəyini gözləmək olar, digər tərəfdən ilk üç yürüşün nəticələrini nəzərə alsaq, xal qazanmağa iddia etməyimiz çox mürəkkəb olacaq. Bu, praktik olaraq, mümkün deyil.
-Trasların əksəriyyətində divarlar yola çox yaxındır, lakin nəyə görə pilotlar məhz Bakıda daha çox səhvə yol verirlər?
-Bilmirəm. Ola bilər ki, amillərdən biri onunla bağlıdır ki, burada trass yenidir. Bəzi döngələr çox ensizdir ki, bu da məsələni çətinləşdirir. Bəzi tormozlama nöqtələri həddən artıq mürəkkəbdir və çox yüksək sürətlə döngələrə yaxınlaşırsan. Əgər bu vəziyyətdə tormozlamada səhvə yol versəniz, o zaman bu, sizə baha başa gələcək. Bu səbəbdən də səhvə yol verməyə haqqınız yoxdur.
Bütövlükdə, mən çox şey barədə danışa bilmərəm, çünki bu trasda hələ çıxış etməmişəm. Ola bilər, uik-endin gedişində daha çox danışa bilərəm. Ümid edirəm ki, mən bolidi divarlara yaxın idarə etməyi, lakin divara toxundurmamağı bacaracağam. Şəhər traslarında özünü boliddə əminliklə hiss etmək və ondan nə gözləyəcəyini bilmək çox mühümdür.
-Bu mövsümdə siz ilk dəfədir ki, əvvəl çıxış etmədiyiniz trasa gəlmisiniz. Siz hansısa sürprizlər gözləyirsiniz?
-Mənim üçün bu, tamamilə yeni trasdır. Əfsuslar olsun ki, onun modelini “Williams”ın simulyatorunda reprezentativ adlandırmaq olmaz, çünki real səhnəni əks etdirmir.
Belə ki, bu gün mənim trasla ilk tanışlığım olacaq. Mən məşqlərin başlanğıcında daha ehtiyatlı olmalıyam. Bu, şəhər trasında işləməyə başlayanda təbii haldır. İşə tez başlamaq istəyirəm, çünki mən 9 ildə ilk dəfə olaraq – 2010-cu ilin Sinqapur Qran-Prisindən sonra çıxış edəcəyəm.
Adətən belə traslarda hansısa xüsusi hisslər keçirirsən, çəpərlərin yaxın olması səbəbindən bolidi bir başqa cür idarə edirsən. Kənardan baxanda Bakı trası olduqca sadə görünür. Lakin bununla yanaşı, yolun 3-4 mürəkkəb hissəsi var ki, onlara xüsusi yanaşma tələb olunur.
Lakin mənim fikrimcə, indi bu barədə xeyli düşünməyə ehtiyac yoxdur. Sadəcə trasa çıxmaq, onunla yaxşıca tanış olmaq lazımdır. Bundan nə çıxacağına isə orada baxacağıq.
-Komanda bu uik-endə hansı yeniliklər gətirib?
-Mənim yeniliklər barədə məlumatım yoxdur. Komandada bu barədə məndən daha yaxşı bilirlər.
-Siz bildirdiniz ki, “Williams”ın simulyatorunda Bakı trası barədə dolğun təsəvvür yaranmır.
-Bəli. Belə deyək ki, Bakı trası simulyatorda olduğu kimi deyil.
-Başqa traslarda bu cür problem mövcud deyil ki?
-Xeyr.
-Bolidin sürətinin az olmasına baxmayaraq, siz yürüşlərdən həzz ala bilirsinizmi?
-Bəli. Əlbəttə ki, yürüşçülərin əksəriyyəti ilə mübarizə aparmaq, pelotona yaxın olmaq daha yaxşı olardı. Lakin mən bütün hallarda həzz alıram. Formula 1 bolidini idarə etmək televizordan bu bolidə tamaşa etməkdən daha yaxşıdır. Mən illərdir ki, indiki kimi hisslər keçirmirdim. Çox xoşdur ki, bu xüsusi emosiyalar mənə qayıtdı. Bu hissləri heç vaxt evdə oturaraq keçirmək mümkün deyil.
-Üç mərhələ ərzində deyirdiniz ki, sizin bolidiniz Corc Rasselin bolidindən fərqlənir. Komandada bunun nə ilə bağlı olmasını ayırd etdilərmi?
-Mən bu uik-enddə hansı yanaşmadan istifadə edəcəyimizi dəqiq bilmirəm. Mənə məlumdur ki, komanda bu problem üzərində işləyir, həll yolunu tapmağa çalışır. Lakin hələ ki, buna nail olunmayıb.
-Sizin keçmişdə bir komandanın bolidlərinin bir-birindən bu dərəcədə fərqləndiyi ilə bağlı təcrübəniz olub?
-Xeyr. Yalnız bolidlərin birində problemlər olduqda belə hallar olub. İndi mövcud olan problemlərlə mən əvvəl qarşılaşmamışam.
-Siz özünüz barədə kitab oxumuşunuz?
-Xeyr! Mən kitab oxumuram!
-Siz Bakıda nə dərəcədə güclü hücum mövqeyində çıxış edə bilərsiniz? Ehtiyat hissələrinin qıtlığı baxımından öz hisslərinizi cilovlamalı olacaqsınız?
-Dediyim kimi, şəhər trası bir başqa yanaşma tələb edir. Bir tərəfdən yol verilən həddi tapmaq lazımdır, lakin bununla yanaşı, nəzərə almalıyıq ki, səhvi düzəltmək imkanı stasionar traslarla müqayisədə olduqca azdır. Lakin Bakı kimi traslarda olduqca səliqəli sürsən, o zaman ən aşağısürətli olacaqsan. Bolidi bacardığın qədər mümkün həddə idarə etmək vacibdir, lakin bu hədd də divara çox yaxındır. Balansı tapmaq çox vacibdir. Bolid özünü qabaqcadan nə qədər göstərərsə, o zaman buna daha asan nail olmaq mümkündür.
-Sizcə, komanda problemlərə düzgün reaksiya verirmi?
-Şübhəsiz, hər kəs bacardığı qədər yaxşı işləməyə can atır. Mən yürüşçüyəm və yalnız trasdakı fəaliyyətim barədə danışa bilərəm. Hər şey maksimal dərəcədə yoluna qoyulur. Əlbəttə, hamımız daha böyük sürət görmək istərdik, bu halda bizim üçün daha sadə olardı. Hər kəs maksimum səy göstərir. Ümid edirəm ki, nə vaxtsa biz sürətimizi artıracağıq.

İdman 2019-04-26 15:50:00