×
A
A
A
Sazlamalar

Narahat ayaqqabı ayaqda problem yaradır

Bakı, 23 aprel, AZƏRTAC

Narahat ayaqqabı geyinmək ayaqda problemlər yaradır. Hər fəslin özünə uyğun ayaqqabısı var. Seçim zamanı rahatlıq və estetik görünüşə üstünlük verənlər də olur. Düzgün ayaqqabı seçimi səhhətin qorunmasında əhəmiyyətli rol oynayır.
Rahat ayaq, ilk növbədə, altı düz və ya ortopedik ayaqqabı geyərkən olur. Bəzi xəstəlik və problemlərin səbəbi məhz düzgün seçilməyən ayaqqabıdır.
Bu barədə məlumat verən Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova deyib: “Keyfiyyətsiz ayaqqabı geyinən zaman ayaq tərləyir və göbələk xəstəliyinin yaranmasına səbəb olur. Bundan başqa keyfiyyətsiz ayaqqabıların yaratdığı fəsadlardan biri təmas zamanı onların tərkibində olan kimyəvi maddələrin dəriyə keçməsi nəticəsində dəridə dermatit xəstəliyinin əmələ gəlməsidir. Narahat ayaqqabı həm də ayaqda döyənəklər əmələ gətirir”.
Müasir dövrdə bəziləri şişburun ayaqqabılara daha çox üstünlük verir. Barmaq uclarının əzilib-büzülməsinə baxmayaraq, gözəl görünüş üçün bəzən onları seçən xanımlar da olur.
Bunu nəzərə alan həkim-dermatoloq deyib: “Ayaqqabıları çıxarandan sonra ilıq su ilə dolu ləyənin içinə bir neçə xörək qaşığı duz tökülür. Ayaqları 20 dəqiqə həmin suyun içində saxlamaq damarlarda qan dövranını yaxşılaşdırır. Şişkinliyi aradan qaldırmaq üçün dabanların altında tennis topunu bir neçə dəqiqə yuvarlamaq masaj sayılır və rahatlayıcı təsir göstərir”.

Sağlamlıq klubu 2019-04-23 16:12:00