×
A
A
A
Sazlamalar

BSU-nun tələbələri Cocuq Mərcanlıda pedaqoji təcrübə keçirlər

Bakı, 23 aprel, AZƏRTAC 

Bakı Slavyan Universitetinin (BSU) IV kurs tələbələri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd məktəbində pedaqoji təcrübə keçirlər.
BSU-dan AZƏRTAC-a bildirilib ki, təcrübənin rəhbəri universitetin rus dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Ərkinaz Məmmədhəsənzadə, Azərbaycan filologiyası və jurnalistika fakültəsinin tələbələri Samir Abdulov, Leyla Hacıyeva, “SABAH” qruplarının rus dili müəllimliyi üzrə təhsil alan tələbəsi Zarema Tintinova, pedaqoji fakültənin rus dili müəllimliyi ixtisası üzrə təhsil alan tələbəsi Ülviyyə Mədətova, həmin fakültənin təhsildə sosial psixoloji xidmət ixtisasının tələbəsi Kamilə Abbasova pedaqoji təcrübə zamanı maraqlı tədbirlərdə iştirak ediblər.
Pedaqoji təcrübədə iştirak edənlər Cocuq Mərcanlıda yaradılan şəraitdən, məktəb kollektivinin qonaqpərvəliyindən danışıblar. Ərkinaz Məmmədhəsənzadə bildirib ki, ilk gündən Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev başda olmaqla məktəbin müəllim-şagird kollektivi BSU nümayəndələrinə xüsusi qayğı ilə yanaşır.
Pedaqoji təcrübə zamanı tələbələr Cocuq Mərcanlı kənd tam orta məktəbi ilə yaxından tanış olub, “Qayıdış” parkına ekskursiya ediblər. Təcrübə zamanı tələbələr şagirdlər arasında maraqlı müsabiqələr, psixoloji sorğular keçiriblər.

Elm və təhsil 2019-04-23 13:00:00