×
A
A
A
Sazlamalar

Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində ayrı-ayrı alətlər üzrə final yarışları keçirilir

Bakı, 21 aprel, AZƏRTAC
Aprelin 21-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə II "AGF Junior Trophy" beynəlxalq turnirinin ikinci günündə fərdi və qrup hərəkətləri proqramında ayrı-ayrı alətlər üzrə final yarışları keçirilir.
AZƏRTAC xəbər verir ki, fərdi proqramda yarışan Azərbaycan gimnastlarından Nərminə Səmədova bütün alətlər üzrə, Arzu Cəlilova isə ip, top, lentlə hərəkətlərdə qüvvələrini sınayırlar.
Gimnastların fərdi mübarizəsindən sonra komandalar öz məharətlərini göstərəcəklər. Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadədən ibarət komandamız beş halqa və beş lentlə yarışlarda mübarizə aparacaq.
Qeyd edək ki, bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində fərdi gimnastlar ip, top, gürzlər və lent, komandalar isə beş halqa və beş lentlə çıxış edirlər.
Beynəlxalq turnirində 20 ölkədən 130-a yaxın gənc bədii gimnast iştirak edir. Komandamız aprelin 20-də keçirilən çoxnövçülük yarışlarında gümüş medal qazanıb.
Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, turnirdə yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar iştirak edirlər.

İdman 2019-04-21 12:27:00