×
A
A
A
Sazlamalar

“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda müsabiqənin qalibləri mükafatlandırılıblar

Bakı, 15 aprel, AZƏRTAC 

Aprelin 15-də Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin III Respublika müsabiqəsinin final mərhələsi keçirilib. Final mərhələsində iştirakçılar il ərzində yetişdirdikləri ekoloji təmiz məhsul nümunələrini arıçılıq, tərəvəzçilik, gülçülük, meyvəçilik, meşə məhsulları, quşçuluq və heyvandarlıq nominasiyaları üzrə təcrübə işlərinin nəticələrini yekun sərgidə nümayiş etdiriblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbirdə mərkəzin nağaraçılar qrupu öz məharətini göstərib.
Tədbirdə çıxış edən mərkəzin direktoru Firuzə Sultanzadə üçüncü ildir ki, müsabiqənin keçirildiyini və əsas məqsədin ekoloji təmiz kənd təsərrüfatının inkişafı və Azərbaycanın aqrobiomüxtəlifliyinin qorunması sahəsində məktəblilərin bilik və bacarıqlarının artırılması olduğunu deyib: “Ötən ilin yanvarından etibarən başlayan məktəblilərin III Respublika müsabiqəsində 2000-ə qədər IV-XI sinif şagirdi iştirak edib. Respublika müsabiqəsinin yekun mərhələsində zona mərhələsinin qalibləri olan 100 şagird iştirak etmək hüququ qazanıb. Müsabiqə çərçivəsində məktəblilər ekoloji təmiz yerli mədəni bitki sortlarının becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanması, kənd təsərrüfatı sərvətlərinin öyrənilməsi, səmərəli istifadəsi, bərpası və mühafizəsi üzrə maarifləndiriliblər. Onlar, həmçinin fərdi, kollektiv, ailəvi şəkildə yerli bitki sortları və heyvan cinslərinin qorunub saxlanılması və artırılmasında iştirak ediblər. Müsabiqə zamanı, həmçinin tükənməkdə olan aqrar biomüxtəlifliyin toxum bankı yaradılıb. Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirliklərinin regional şöbələrinin əməkdaşları məktəblilərə təcrübəçilik işlərinin təşkilində yaxından kömək göstəriblər”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, Təhsil və Ekologiya və Təbii Sərvətlər nazirlikləri arasında imzalanmış əməkdaşlığa dair anlaşma memorandumuna əsasən müsabiqə 15 aprel - Ekoloji Biliklər Gününə həsr olunub. O, həmçinin deyib: “Bu gün müsabiqə iştirakçıları üçün nazirlikdə dəyirmi masa təşkil olunub. Görüş zamanı ətraf mühit və onun komponentlərinin mühafizəsi haqqında şagirdləri maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb. Müsabiqədə iştirak edən gənc ekoloqlar milli sərvətimiz olan aqrobiomüxtəlifliyin qorunması və artırılması işinə öz töhfələrini veriblər”.
Bütün təhsil müəssisələrində ekoloji təhsilin verilməsinin vacibliyini qeyd edən S.Məmmədova nazirliyin bu istiqamətdə tədbirlər gördüyünü də diqqətə çatdırıb.
Kənd Təsərrüfatı Nazirliyinin bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev çıxış edərək belə tədbirlərin şagirdlərin gələcəkdə aqronom, ekoloq, fermer kimi yetişməsinə kömək edəcəyini vurğulayıb.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin IBIS proqramının məsləhətçisi Markus Köpler müsabiqənin məktəblilərin maarifləndirilməsi və aqrobiomüxtəlifliyin qorunması sahəsində böyük əhəmiyyətə malik olduğunu deyib.
Sonra münsiflər heyətinin “Meyvəçilik”, “Arıçılıq”, “Heyvandarlıq”, “Meşə məhsulları”, “Tərəvəzçilik”, “Subtropik bitkilər”, “Gülçülük”, “Dənli bitkilər”, “Balaca fermer” nominasiyaları üzrə seçdiyi ən yaxşı təcrübəçilik işlərinin müəllifləri medal, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
Qeyd edək ki, müsabiqə Azərbaycanda davamlı inkişaf şəraitində ekoloji təhsilin inkişaf etdirilməsi məqsədilə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi ilə illik maarifləndirmə proqramı çərçivəsində təşkil edilib.

Ekologiya 2019-04-15 15:35:00