×
A
A
A
Sazlamalar

Misirin “Əxbar Əl-Yaum” qəzetində 31 mart soyqırımı ilə bağlı məqalə dərc olunub

Qahirə, 1 aprel, AZƏRTAC
Azərbaycanın Misirdəki səfiri Tural Rzayevin 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqaləsi bu ölkənin nüfuzlu “Əxbar Əl-Yaum” qəzetində dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Birinci Dünya müharibəsinin sonlarında baş vermiş hadisələrdən və Rusiyadakı bolşevik inqilabından yararlanan ermənilərin 1918-ci il martın 31-də Bakıda və digər şəhərlərdə azərbaycanlılara qarşı törətdikləri soyqırımı, İslam abidələrini və ibadət ocaqlarını yandırdıqları və şəhərləri viran qoyduqları barədə məlumatlar öz əksini tapıb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra Nazirlər Kabineti tərəfindən xüsusi komissiya yaradıldığı, 1918-ci ilin mart ayında törədilmiş cinayətlərin araşdırıldığı, 1919-cu və 1920-ci illərdə 31 mart gününün ölkədə milli matəm günü qeyd olunduğu vurğulanır.
Səfir T.Rzayev Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev tərəfindən imzalanan Fərman əsasında 31 mart tarixinin soyqırımı günü elan olunması barədə məlumat verib.
Səfir məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib. Münaqişənin həlli ilə bağlı danışıqların 20 ildən çox davam etdiyini bildirən T.Rzayev Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqeyə görə sülh danışıqlarının müsbət nəticə vermədiyini vurğulayıb. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmamasının əsas səbəbini BMT TŞ tərəfindən qəbul edilmiş qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilməməsi ilə əlaqələndirib.

Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

31 mart 2019-04-01 20:37:00