×
A
A
A
Sazlamalar

Professor İbrahim Öztək: Azərbaycan xalqına qarşı törədilmiş 1918-ci il mart soyqırımı insanlıq əleyhinə cinayətdir

Ankara, 1 aprel, AZƏRTAC

Ermənistan silahlı birləşmələrinin 1918-ci ilin mart-aprel aylarında Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı aktı amansızlığına və kütləviliyinə görə bəşər tarixində insanlıq əleyhinə çox ağır bir cinayətdir.
Bu fikri AZƏRTAC-a müsahibəsində türkiyəli professor İbrahim Öztək 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı fikirlərini bölüşərkən deyib. 1918-ci il mart hadisələrini Azərbaycan xalqının demokratik dövlətinin yaranmasının qarşını almaq məqsədilə planlı şəkildə törədilən qəsd kimi dəyərləndirən professor deyib: “Ermənilər tərəfindən bir gündə təkcə Bakı şəhərində 12 min silahsız əhalinin qətlə yetirilməsi özündə bir neçə mənfur niyyəti əks etdirirdi. Başlıcası budur ki, Azərbaycanı dövlətçilikdən məhrum etmək istəyirdilər. Düşmən Azərbaycandakı ictimai-siyasi proseslərdən təlaş keçirirdi. İstəmirdilər ki, Azərbaycan müstəqilliyini elan etsin. Bu qırğınlarla xalqın gözünü qorxutmaq niyyətində idilər. Əlbəttə ki, buna nail ola bilsəydilər Ermənistanı monoetnik ölkəyə çevirdikləri kimi, sonrakı mərhələdə azərbaycanlıların öz doğma Azərbaycanında yaşamasına da imkan verməyəckdilər”.
Ermənilərin Azərbaycana və Türkiyəyə qarşı əsassız düşmənçilik etməsinin təhlükəli və riskli olduğunu diqqətə çatdıran İbrahim Öztək fikirlərini belə tamamlayıb: “Saxta “böyük Ermənistan” ideyası bütün regiona, xalqların birgə və mehriban yaşayışına qarşı təhdiddir. Odur ki, həm bu iddianın mənfur məqsədini, həm tarixi prosesləri, eləcə də müasir dövrdə baş verən gerçəklikləri dünya ictimaiyyətinə düzgün çatdırmaq mühüm bir strategiya kimi qorunmalıdır. Bu məsələdə Azərbaycanın və Türkiyənin bərabər fəaliyyəti yeganə düzgün yoldur”.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

31 mart 2019-04-01 13:35:00