×
A
A
A
Sazlamalar

Yaman olur yaddaş ağrısı...

Bakı, 30 mart, AZƏRTAC

Bu günlərdə M.S.Ordubadinin “Qanlı illər” əsərini yenidən oxuyarkən 1905-ci ilin hadisələri gözlərimin qarşısında canlandı. Soydaşlarımızın milli münaqişələr zəminində şahidi olduqları hadisələri güzgü kimi əks etdirən mənzərə – Qərbi Azərbaycanda, Bakıda, ölkəmizin bir sıra bölgələrində ermənilər tərəfindən törədilən iğtişaşlar, başımıza gətirilən faciələr haqqında yerlərdən göndərdikləri məlumatlar, xəbərlər qəlbimi ağrıdırdı. Kitabı yeni nəzərlərlə gözdən keçirdikcə, hələ o vaxtlardan ermənilərin ürəklərində toxum kimi cücərtdikləri “böyük Ermənistan” yaratmaq arzularının, torpaqlarımızın hesabına ərazilərini genişləndirmək, yeraltı və yerüstü sərvətimizə sahib olmaq iddialarının iyrəncliklərinin bir daha şahidi olurdum...
XX əsr Qərbi azərbaycanlıların yaddaşına “didərgin”, “köçkün”, “qaçqın” kimi yazıldı. Ermənilər havadarlarının gücü, köməyi ilə bütöv bir əsrdə nə qədər qan tökdü, kəndlərimizi, qəsəbələrimizi yandırdı. Milləti qarlı-çovğunlu günlərdə evlərindən çıxarıb düzlərə, dağlara qovdu. Xalqa soyqırımı faciəsini yaşatdılar. Doğma yurdu, el-obanı isə heç vəchlə unutmaq olmur. O itirilmiş torpaqlarda babalarımızın ruhu dolaşır. İsti ocaqlarından, barlı-bəhrəli torpaqlarından əli üzülmüş soydaşlarımızın taleyi, yurd yerlərinin nisgili, itkilər fiziki, həm də mənəvi ağrılarımızdır.
Ötən əsrdə minlərlə soydaşımız kimi köküm-nəslim də erməni-müsəlman münaqişələrində dədə-baba torpaqlarımız olan Qərbi Azərbaycandan üç dəfə köçürülərək Şimali Azərbaycanın müxtəlif bölgələrinə səpələniblər. İrəvan ziyalılarından olan babam, yazıçı-publisist Məmmədəli Nasir 1918-ci ildə bu hadisələrin mahiyyətindən, soydaşlarına edilən zülmlərdən bəhs edən yazılarla Bakı mətbuatında, eyni zamanda, belə bir qarışıq vaxtda İrəvanda yerli ziyalılardan Mirməhəmməd Mirfətullayev və tələbə Rza Tağıyevlə birgə açdığı “Cavanlar şurası” qəzetində düşmənçiliyə geniş meydan açan Daşnaksütyun partiyasının qanlı əməllərini ifşa edirdi. Elə həmin vaxtlarda daşnakların təqibinə məruz qalan M.Nasir Gəncəyə gəlmiş, ictimai və yaradıcı fəaliyyətini burada davam etdirmişdir. O, həmin dövrdə Gəncədə, Qazaxda, Ağdaşda İrəvan mühacirlərinin acınacaqlı həyatını görür, müşahidə edir. Bütün bunlardan ürəyi ağrıyan yazıçı-publisist gördüyü hadisələrdən dəhşətə gələrək Bakı mətbuatına həyəcanlı məktublar göndərirdi. Belə məktubların birində müəllif yazırdı: “İki ildən artıqdır ki, daşnakların növbənöv zülm və təərüzlərinə düçar olan İrəvan dairəsinin işçi və kəndçiləri Azərbaycanın hər tərəfinə səfil, ac, çılpaq dağıldıqları kimi, bir çoxları da Gəncədə yaşayırlar. Bir bölük insan kütləsinin hazırkı məişət və diriliklərini görsək olursaq, o zavallıların nə dərəcədə əskik həyat sürdüklərinə hökm etməliyik. İki ildən ziyadə paltar, yemək, rahatlıq, yataq görməyən biçarələr qapısız, akoşkasız daxmalarda yaşayırlar. Qaranlıq, rütubətli daxmalarda yaşayan kəndçilər tif-vaspalenka mərəzinə mübtəla olaraq, divarlar dibində açıq havada can verərək ölürlər, günlərcə kəfənsiz, dəfnsiz qarın, boranın qabağında qalırlar. Gəncə stansiyalarının yanmış odalarında həkimsiz, dərmansız acından zarıldayan zavallı bədbəxtlər hər kəsin gözləri önündədir... Əgər səsimizi eşidən, fəryadlarımıza çatan, bir bölük məzlum insanlara mərhəmət, şəfqət edən varsa, uca bir səslə deyirik: bu gün hər yerdə, Azərbaycanın şəhər və qəsəbələrində İrəvan mühacirləri acından, soyuqdan və xəstəlikdən tələf olub gedir. İmdadə mərhəmət! Şəfqət ediniz, dəhşət və fəlakətlərə məruz qalan bir bölük zavallı insanlara!” (“Azərbaycan füqərası”, 2 fevral 1920). Bu, ötən əsrdə xalqımızın yaşadığı ikinci böyük faciə, doğma torpaqlarından qovulan soydaşlarımızın acı taleyinin açıq-aşkar görüntüsü idi. Çox təəssüf ki, xainlərin xəyanətkarlığının dönə-dönə şahidi olsaq da qonaqpərvərliyimiz, ürəyi yumşaqlığımız əsrlər boyu gözümüzün qarşısına pərdə çəkib. Ötən tarixlərdə “barışıqların” havası arxayın salıb bizi, unutqan olmuşuq. Odur ki, itkilərimiz – soyqırımı faciələrimiz yaddaşımızı ağrıdır...
1948-1950-ci illərdə “könüllü köçürülmə” adı ilə yenə Azərbaycanın və Gürcüstanın rayonlarına, kəndlərinə köçürülənlər arasında 1950-ci ildə Mil düzünə gələn, Beyləqanda məskunlaşan valideynlərim də köçkünlüyün acısını, qırılıb-itən doğmalarının həsrətini ömürləri boyu ağır dərd kimi ürəklərində daşıdılar...
1988-ci ildə İrəvanda bütün eli, obasıyla qovulan, məşəqqətlər içində canını və balalarını götürüb qaçan insanların içərisində kökümün, nəslimin qalan qol-budaqları əzəli torpaqlarından didərgin düşdülər. Üstündən azca ötmüş doğma Qarabağımızın başı üstündən qara yellər əsdi. Erməni işğalçıları havadarlarının yardımı, köməyi ilə soydaşlarımızı böyük itkilərə, qanlı faciələrə məruz qoydular. Vətənin içində tərki-vətən olduq. Mədəni abidələrimiz dağıdıldı, talan edildi...
Qərbi Azərbaycanda bir nəfər də olsa soydaşımızın qalmaması səbəbindən o yerlərdən əlimizin üzülməsinin gələcək nəsil tərəfindən unudulacağı fikri məni yaman qorxudur. Vaxt-zaman ötdükcə unutqanlığımız yaranarsa, necə olar halımız... Amma nə yaxşı ki, tarixin yaddaşı etibarlıdır. İllər, qərinələr, hətta minillər ötsə belə, əsrlərin daş yaddaşı heç şübhəsiz, unutqanlığa yol qoymayacaq. Bu gün bizin nəslin çiynində bir yük, vəzifə borcu var. Biz o yerlərdə kök atmış şəcərəmizi, ədəbi-mədəni abidələrimizi zaman-zaman tədqiq etməli, mənəvi dəyərlərimizi üzə çıxarmalı, onların yazılı tarixini yaratmalıyıq. Bu istiqamətdə heç olmasa ermənilərin həmişə ehtiyat etdikləri sonrakı ağlımızın gücünü səfərbər edib iş görməliyik. Orda yaşayıb-yaratmış insanların, ziyalı nəsillərin, ədəbi şəxsiyyətlərin həyatını, ictimai fəaliyyətini öyrənməliyik. Bu istiqamətdə müəyyən işlər görülsə də, səyimizi daha da artırmalıyıq. Ötüb-keçən tarixə, babalarımızın taleyinə işıq salmalıyıq. Çünki dədə-baba torpaqlarımızdan qovulmağımız heç vəchlə ədalətə, məntiqə sığan deyil! Biz bu ictimai ağrının kökünü aramalı, haqqımızı bərpa etməliyik. Unutmayaq ki, Qərbi Azərbaycanla Qarabağ problemi bizim bütöv ağrımızdır.
Qarabağ dərdimiz qaynarlığından düşməyən qəlbimizi yandırıb-yaxan bir mövzudur. Ümumiyyətlə, torpaqlarımızın iyirmi faizinin işğalı, bir milyondan çox qaçqınımızın yurd-torpaq sızıltılarıyla yaşadığı acı taleyi, haqqımızın tapdalanması tarixi bir faktdır. Dünya bu ədalətsizliyə sussa da, işğalçı bir dövlətin çirkin siyasətinə göz yumsa da, haqqın tərəzisi göz qabağındadır... Biz heç vaxt qonşu dövlətlərin ərazisinə xain gözlə baxmamışıq, özgə torpaqlarının hesabına torpağımızı artırmamışıq. Amma ürəyimizin genişliyindən, açıqlığından, humanistliyimizdən, insansevərliyimizdən yersizə yer verib, ən ağır günlərində onlara həyan olmuşuq. Sözümüzə qüvvət olsun deyə, ermənilərə səxavətlə qucaq açdığımız, qayğı göstərdiyimiz, onların aşla, özümüzün daşla qarşılandığımız vaxtlardan saysız-hesabsız nümunələr, misallar gətirə bilərik. Ancaq bu məlum həqiqətləri xatırlatmaqdan ötərək, son iki əsrdə xalqımızın üzləşdiyi faciələrin kökü elə burdan başlayır, deməkdə israrlıyıq.
Təəssüflər olsun ki, ötən əsrdə daşnakların başımıza gətirdiyi faciələrdən uzun müddət bəhs edə bilməmişik. Çünki o zamanın ideologiyasına uyğun olaraq Hayastanla Azərbaycan “qardaş” idi. Əzilən, döyülüb-öldürülən, yurdları viran qoyulan soydaşlarımız zaman-zaman faciələr yaşasalar da, biz yenə də dostluqdan, qardaşlıqdan yazmağa məhkum idik. Bir tərəfdən də informasiya blokadasına alınmışdıq. Amma bu gün gənclərin, tələbə jurnalistlərin, bütövlükdə qələm əhlinin üzünə tarixi həqiqətləri əks etdirən mətbuat, xəbər portalları açıqdır. Biz bu fürsətdən həmişə, hər yerdə yararlanmalıyıq. Biz bu gün işğalçı dövlətin haqsızlığının qarşısına keçməli, onu durdurmalı, aşıb-daşan iştahalarına, iddialarına son qoymalıyıq. Onların nəzərində “unutduğumuz” Qərbi Azərbaycan torpağındakı hüquqlarımızın bərpası yolunda da çalışmalıyıq. İrəvan xanlığının sakinləri olaraq yerimizin, ata-baba ocaqlarımızın hesabını çəkməliyik.
Dünənimizlə müqayisədə bu gün hadisələrə daha ayıq nəzərlərlə baxmağa çalışırıq. Bunun başlıca səbəbi, heç şübhəsiz, milli oyanışımızın səbatlı bir axara düşməsidir.
Unutmamalıyıq ki, Qərbi Azərbaycan itkilərimizlə Qarabağ ağrılarımız bütöv dərdimizdi. Qarabağ mövzusu mətbuatımızda, ədəbiyyatımızda əbədi olan bir mövzudur. Bu gün mətbuata gələn gənc qələm sahibləri Qarabağ mövzusunda yazarkən həssas olmalı, xalqımızın yaşadığı tarixi hadisələri dərindən öyrənərək araşdırmalıdırlar. Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsində rus siyasətinin iyrəncliklərindən xəbərdar olmalıdırlar. Onlar 1905-1907, 1915-1918, 1948-1953, 1988-ci illərdə baş verənləri bilmədən, öyrənmədən bu siyasi hadisələri obyektiv şəkildə işıqlandıra, qiymətləndirə bilməzlər. Başqa bir tərəfdən, bu münasibətlər gözlədiyimiz təsiri, nəticəni verməz.
Yeri gəlmişkən, I Pyotrun 1725-ci ildə yazdığı vəsiyyətnaməsindən çoxumuz xəbərdarıq. Çarın bu məktubu ilə illər öncə klassik mətbuatımızı araşdırarkən “Dirilik” jurnalının 1916-cı ildəki saylarının birində tanış olmuşdum. O, həmin məktubunda övladlarına rus səltənətinin bütün dünyaya hökmran olması yollarını göstərmiş, Türkiyəni Avropadan ayırmağı tövsiyə etmişdir. Demişdir ki, Rusiya dövlətini o zaman dünya dövləti adlandırmaq olar ki, onun paytaxtı Asiya və Avropa xəzinələrinin açarı olan İstanbul olsun. İstanbula sahib olan çar İlahi çar olacaqdır... Aydındır ki, vərəsələri I Pyotrun vəsiyyətlərini bir təlimat kimi qəbul edərək yüzillər boyu mərhələ-mərhələ ona əməl etməyə çalışmışlar.
Biz, I Pyotrun öz varislərinə vəsiyyət etdiyi, dünyaya hakim olmaq kimi cəfəng iddialardan çox-çox uzağıq. Lakin belə-belə təlimatlardan özümüz üçün heç olmasa bu nəticəni çıxarmalıyıq ki, vətənimizin, torpaqlarımızın tam hüquqlu sahibi olmalı, onu canımız qədər qorumağı bacarmalıyıq. Bir də “didərgin”, “köçkün”, “qaçqın” kimi qəlb incidən, ürək göynədən adlarla dədə-baba ocaqlarından ayrı düşən, bu dərdlərə dözməyib dünyasını dəyişən soydaşlarımızın ruhu bağışlamaz, dara çəkər bizi.
Şəfəq Nasir
yazıçı, publisist

31 mart 2019-03-30 17:59:00