×
A
A
A
Sazlamalar

UNEC-də 31 mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Bakı, 30 mart, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı professor-müəllim heyətinin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə erməni vəhşiliyi nəticəsində qətlə yetirilmiş 31 mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə inzibati və təşkilati məsələlər üzrə prorektor Şaiq Əsgərov təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir dövrdə aparılan soyqırımı siyasəti barədə məlumat verib. Ş.Əsgərov ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanının xüsusi əhəmiyyətini vurğulayıb. Azərbaycanlılara qarşı aparılan soyqırımlarının xronologiyasını xatırladan prorektor xalqımıza qarşı törədilən vəhşilik və cinayətlərin miqyasının heyrət və qəzəb doğurduğunu bildirib.
Sonra professorlar Vəkil Həsənov “1918-ci il soyqırımı haqqında tarixi həqiqətlər” və Abbas Seyidov “Anadoluda və Cənubi Azərbaycanda türk-müsəlman əhalisinə qarşı soyqırımlar” mövzularında məruzələrlə çıxış ediblər.
Tədbirdə soyqırımı faciəsini əks etdirən videoçarx təqdim olunub.

 

31 mart 2019-03-30 12:23:00