×
A
A
A
Sazlamalar

Bakıda keçirilən Braziliya və kombat ciu-citsusu üzrə açıq turnirin qalibləri müəyyənləşib

Bakı, 27 mart, AZƏRTAC
Hövsan Olimpiya İdman Kompleksində Braziliya ciu-citsu döyüş sənətinin No-Gi versiyası və kombat ciu-citsu döyüş sənəti üzrə açıq turnir keçirilib.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi, Avrasiya Kombat Ciu-Citsu Federasiyası və Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən turnirin açılış mərasimində nazirliyin nümayəndəsi Firudin Paşayev çıxış edərək ölkəmizdə idmana göstərilən dövlət qayğısından və atletlərimizin beynəlxalq arenada qazandığı nailiyyətlərdən danışıb.
Daha sonra çıxış edən Avrasiya Kombat Ciu-Citsu Federasiyası və Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov qonaqları salamlayaraq idmançılara müvəffəqiyyət arzulayıb. O, həmçinin ölkəmizdə bu idman növlərinə artan maraqdan və bu idman növlərinin populyarlaşmasından söz açaraq Gənclər və İdman Nazirliyinə yarışa göstərdiyi dəstəyinə görə təşəkkürünü bildirib.
Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təsisçisi və İdarə Heyətinin sədri, qara kəmər sahibi Taleh Həsənov da yarış iştirakçılarını və qonaqları salamlayıb və onlara müvəffəqiyyət arzulayıb.
Yarışda 20-dək klub və nümayəndəlikdən idmançılar iştirak ediblər. Bundan başqa yarışa qonaq qismində Rusiyadan bir, Gürcüstandan isə iki komanda da qatılıb.
İki yüzdən çox idmançının mübarizə apardığı yarışda müxtəlif çəki dərəcəsi, yaş və kəmər kateqoriyasında uşaqlar, yeniyetmələr, gənclər və veteranlar öz güclərini sınayıblar.
Yarışın sonunda turnirin qalibləri diplom və medallarla mükafatlandırılıblar.

İdman 2019-03-27 01:03:00