×
A
A
A
Sazlamalar

Filologiya problemləri üzrə elmi şuranın iclasında 24 dissertasiya mövzusu təsdiqlənib

Bakı, 18 mart, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində akademik Rafael Hüseynovun sədrliyi ilə filologiya problemləri üzrə elmi şuranın cari il üçün növbəti iclası keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, iclasda 6-sı elmlər doktorluğu, 23-ü isə fəlsəfə doktorluğu hazırlığı üzrə ümumilikdə 29 dissertasiya mövzusu müzakirə olunub.
Elmlər doktoru hazırlığı proqramı üzrə Azərbaycan Dillər Universitetinin dissertantı Mehman Əliyevin “Müstəqillik dövrü Azərbaycan nəsrinin bədii-estetik özünəməxsusluğu və inkişaf istiqamətləri” mövzusu əvvəlki iclaslarda müzakirə edilib dəyişiklik aparıldığından yeni plan-prospekti məqbul sayılaraq qeydə alınıb.
Elmlər doktoru hazırlığı proqramı üzrə mövzusunun müzakirəsi və təsdiqi üçün müraciət etmiş digər şəxslərdən Bakı Dövlət Universitetinin doktorantı Nigar İsmayılzadənin “XIV-XVI əsrlər türk təsəvvüf ədəbiyyatında ilahi eşq” mövzusu “XIV-XVI əsrlər türk poeziyasında ilahi eşq” kimi, AMEA Naxçıvan Bölməsinin doktorantı Elxan Məmmədovun “Azərbaycan xalq lirikasında obrazlar sistemi (Naxçıvan və Şərqi Anadolu materialları əsasında)” mövzusu isə “Naxçıvan və Şərqi Anadolu xalq poeziyasında obrazlar sistemi” şəklində təsdiq edilib.
ADU-nun dissertantı Rasimə Əsədzadənin “Müasir ədəbiyyatda bədii obyektivləşdirmənin etik və estetik formaları” mövzusu ixtisas indeksinə uyğun olmadığından, Bakı Slavyan Universitetinin doktorantı Zəhra Qulamovanın “Müasir rus və Azərbaycan media diskursunda “zaman” konsepti” mövzusu oxşar mövzunun daha əvvəl araşdırılması səbəbilə qeydə alınmayıb.
AMEA Naxçıvan Bölməsinin doktorantı Çinarə Rzayevanın “Azərbaycan folklorunun leksik-kulturoloji təhlili təcrübəsi (Naxçıvan folkloru materialları əsasında)” mövzusunda qoyulmuş problem isə daha əvvəl müdafiə olunmuş mövzunun istiqaməti ilə üst-üstə düşdüyündən təsdiq edilməyib.
Fəlsəfə doktorluğu proqramı üzrə “XX əsr Azərbaycan nəsrində yuxu motivi”, “Cefri Yevgenides və Conatan Safran Foyerin nəsrində identiklik axtarışları”, “Mir Cəlal yaradıcılığında folklor motivləri”, “İngilis ədəbiyyatında sentimentalizmin təşəkkülü və inkişaf xüsusiyyətləri”, “Sosio-mədəni və kommunikativ yanaşmada dil mövcudluğu formaları”, “Azərbaycan dili nitq etiketləri sisteminin ideya-stilistik tədqiqi təcrübəsi”, “Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı və əsərin ingilis dilinə tərcüməsində intertekstuallıq”, “XX əsr Azərbaycan dilçiliyində türkologiya problemləri” və digər mövzular ətrafında geniş müzakirə aparılıb.
İclasda müzakirə edilən 29 mövzudan 6-sının adında dəyişiklik edilməklə ümumilikdə 24 mövzu təsdiq olunub.
Müzakirələrdə şuranın sədr müavini professor Əskər Rəsulov, şuranın katibi professor Aida Qasımova, şuranın üzvləri filologiya elmlər doktorları, professorlar Bədirxan Əhmədov, Şəfəq Əlibəyli, Ramiz Əsgər, Fəridə Əzizova, İmamverdi Həmidov, Hüseyn Həşimli, Qəzənfər Kazımov, Mehdi Kazımov, Rəhilə Qeybullayeva, Azadə Musayeva, Cəlil Nağıyev, Seyfəddin Rzasoy, Qorxmaz Quliyev, Nadir Məmmədli, Qulu Məhərrəmli, Fəxrəddin Veysəlli də iştirak ediblər.

Elm və təhsil 2019-03-18 18:54:00