×
A
A
A
Sazlamalar

Şəbəkə trafikində anomaliyaların aşkarlanması üçün model işlənilib

Bakı, 18 mart, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev və texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimovanın “Klassifikasiya ansamblı əsasında şəbəkə trafikində anomaliyaların aşkarlanması” adlı məqaləsi “Review of Computer Engineering Research” jurnalında dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, jurnal “Crossref”, “Scilit” (İsveçrə), “Web Global Serials Directory” (ABŞ), “CNKI Scholar” (Çin), “China National Scientific Reports Database” (Çin), “Socionet” (Rusiya), “Q-Sense” (Almaniya), “DOI”, “Google Scholar”, “Microsoft Academic Search”, “Worldcat”, “CiteFactor” və digər beynəlxalq elmi bazalarda indeksləşir.
Məqalədə qeyd olunur ki, verilənlərin analizində anomaliyaların aşkarlanması əsas məsələlərdəndir və şəbəkə təhdidlərinin aşkarlanmasında geniş istifadə olunur. Kompüter şəbəkələrində “log” faylların analizi, təhlükəli trafiklərin erkən aşkarlanması, hücumların qarşısının qabaqcadan alınması, əvvəllər rast gəlinməyən və bədniyyətli verilənlərin filtrlənməsi şəbəkə təhlükəsizliyinin təmin edilməsində əsas şərtdir. Bu məqsədlə məqalədə “Big Data” analitika əsasında müxtəlif informasiya təhlükəsizliyi obyektlərində anomaliyaları daha düzgün, dəqiq aşkarlamaq üçün təsnifat modeli təklif edilib. Həmin modeldə tədqiqatın obyekti “Big Data” mənbələrindən hesab olunan şəbəkə trafiki götürülüb.
Qeyd edək ki, bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində yerinə yetirilib.

Elm və təhsil 2019-03-18 18:43:00