×
A
A
A
Sazlamalar

Azərbaycanlı mikrobioloq alimin uğuru

Bakı, 18 mart, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradovun “Göbələk mənşəli bioloji aktiv maddələr: produsentlər, istehsalı, tətbiq sahələri və perspektivləri” mövzusunda uzun müddətdir apardığı elmi araşdırmalar öz bəhrəsini verməkdədir.
İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu ixtira alimlər tərəfindən bir neçə dəfə sınaqdan keçirilib. Hazırda Baytarlıq Elmi-Tədqiqat İnstitutunun praktik təsərrüfatında sınaqdan keçirilmə mərhələsindədir. Bu məqsədlə göbələk mənşəli bioloji aktiv maddə AMEA Yüksək Texnologiyalar Parkı (YT Park) tərəfindən müvafiq əmtəə görünüşlü xüsusi kisələrdə qablaşdırılıb. Elmi nailiyyətin kənd təsərrüfatında tətbiqi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi, həmçinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunda əlli baş iribuynuzlu ətlik-südlük heyvan və yüz quş üzərində sınağını tətbiq edib. Rəy vermək və gələcəkdə sənayeləşdirilməsi üçün işlərin davam etdirilməsi qərarlaşdırılıb.
Layihə YT Parkda “Elm günü”nə həsr edilən “Elm həftəsi”ndə keçirilən müsabiqədə mükafata layiq görülüb. Komissiya və ekspertlər qrupunun qərarı ilə Pənah Muradovun təqdim etdiyi “Göbələk mənşəli bioloji aktiv maddələr” layihəsi “Ən yaxşı innovasiya məhsulu” üzrə müsabiqədə qalib olub. Mikrobiologiya İnstitutunun tarixində ixtirası ilə böyük uğura imza atan alimin elmi axtarışları davam edir.
Təbii bioloji ehtiyatlardan istifadə baxımından hələ çox böyük potensialın mövcud olduğunu deyən P.Muradov bunu aşkara çıxarmaq və reallaşdırmaq məqsədilə onların qorunması və bərpası üzrə daha səmərəli yolların zəruriliyini bildirib. O, canlılardan alınan və onlarda müxtəlif fizioloji proseslərə mühüm təsir göstərən, əsasən də üzvi mənşəli maddələr kimi xarakterizə olunan bioloji aktiv maddələrin (BAM) produsentlərinin istifadəsinin böyük əhəmiyyətini qeyd edib.
Alim hazırda elmə məlum olan 2 milyondan artıq canlının bir qrupunu özündə birləşdirən göbələklərdən də bioloji ehtiyat kimi hələ çox qədimlərdən istifadə edildiyini söyləyib. Qeyd edib ki, göbələklər həm növ zənginliyinə, həm təbii şəraitdə yerinə yetirdikləri funksiyaların rəngarəngliyinə, həm də sintez etdikləri BAM-ların müxtəlifliyinə və geniş təsir spektrinə malik olmalarına görə heyvan və bakteriyalardan əhəmiyyətli dərəcədə fərqlənir. Zəngin və rəngarəng təbiətə malik olan Azərbaycan ərazisində göbələklər geniş yayılıb və onların arasında bu gün dünyada BAM produsenti kimi sənaye miqyasında istifadə edilən göbələklərin əksəriyyətinə rast gəlinir. AMEA-nın Mikrobiologiya İnstitutunun bioloji aktiv maddələr və mikrobioloji biotexnologiya laboratoriyalarında istər məlum, istərsə də Azərbaycanda yayılması yeni müəyyən edilən göbələklərin BAM produsenti kimi tədqiqi nəticəsində onların istifadəsi və tətbiqi üçün zəruri olan nəzəri və praktiki baza hazırlanıb.

Elm və təhsil 2019-03-18 18:45:00