×
A
A
A
Sazlamalar

Qazaxıstanda təqaüd proqramı

Bakı, 18 mart, AZƏRTAC

Qazaxıstanın Elm və Təhsil Nazirliyi 2019-2020-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bakalavriat və magistratura pillələrini əhatə edən təqaüd proqramının tədris dilləri qazax, rus və ya ingilis dilləridir.
Təqaüd proqramına müraciət edəcək iddiaçılar aprelin 9-dək Azərbaycanın Təhsil Nazirliyinin elektron ərizə sisteminə (https://www.app.htp.edu.az) müraciət etməlidirlər. Elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, elanın ümumi tələblərinə cavab verən namizədlər fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar.
Təhsil haqqı, tədris vəsaitləri, yataqxana, tibbi xidmət xərcləri, aylıq təqaüd Qazaxıstan tərəfindən ödəniləcək. Ölkəmizin vətəndaşlarının ildə bir dəfə gediş-gəliş xərcləri isə Azərbaycanın Təhsil Nazirliyi tərəfindən ödəniləcək.
Təqaüd proqramı barədə daha ətraflı məlumatla elan vasitəsilə tanış olmaq mümkündür. Elan Təhsil Nazirliyinin saytında verilib.

Elm və təhsil 2019-03-18 15:33:00