×
A
A
A
Sazlamalar

AzMİU-nun kollektivi “Şöhrət” muzeyini ziyarət edib

Bakı, 18 mart, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) prorektorları, professor-müəllim heyəti və tələbələr Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında yerləşən “Şöhrət” muzeyini ziyarət ediblər.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, tələbə gənclər təşkilatının təşəbbüsü ilə reallaşan ziyarətdə universitetin kollektivi ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostendlər və eksponatlarla tanış olub.
“Şöhrət” muzeyinin eksponat və fotostendlərində olan nadir sənədlər, arxiv materialları ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, ömür yolunu, xalqımızın tarixində və taleyində oynadığı misilsiz rolu, o cümlədən həyatının 25 ilini həsr etdiyi dövlət təhlükəsizlik orqanlarındakı iş dövrünü, onun şəxsən yerinə yetirdiyi və peşəkarlıq zirvəsinin nümunələri olan əməliyyatlar haqqında məlumatları əks etdirir.

Elm və təhsil 2019-03-18 15:29:00