×
A
A
A
Sazlamalar

Mərkəzi Zabitlər Evində vətənpərvərlik mövzusunda sərgi keçirilib

Bakı, 16 mart, AZƏRTAC 

Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində hərbi qulluqçuların və ailə üzvlərinin xüsusi istedad və bacarıqlarını üzə çıxararaq nümayiş etdirilməsi, hərbi kollektivdə milli-mənəvi dəyərlərə bağlılığın formalaşdırılması məqsədilə əl işlərindən ibarət “Mənim dünyam” adlı bədii yaradıcılıq sərgisi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə hərbi qulluqçular və onların ailə üzvləri, Rəssamlar İttifaqının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edənlər sərginin hərbçilərin dünyagörüşünün formalaşdırılması və asudə vaxtlarının səmərəli təşkili baxımından əhəmiyyətindən danışıblar.
Sərgi rəsm əsərləri, rəngkarlıq, heykəltəraşlıq, dekorativ tətbiqi sənət, qrafika, keramika, bədii toxuculuq, maket və digər əl işləri üzrə sahələri əhatə edib.
İştirakçılar Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin təqdim etdiyi maraqlı konsert proqramının müşayiəti ilə sərgiyə baxıblar. Sonda əsərləri sərgidə nümayiş etdirilən yaradıcı iştirakçılara fəxri fərmanlar təqdim olunub.

Ordu 2019-03-16 18:34:00