×
A
A
A
Sazlamalar

BSU-nun Bolqarıstanın ali təhsil müəssisələri ilə əlaqələri genişlənir

Bakı, 16 mart, AZƏRTAC

Martın 16-da Bakı Slavyan Universitetində (BSU) VII Qlobal Bakı Forumu çərçivəsində Azərbaycana gəlmiş müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin rektoru, professor Anastas Gerdjikovla görüş olub.
BSU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Bolqarıstanın ölkəmizdəki səfiri Nikolay Yankov, onun xanımı Viliana Yankova, konsul Kiril Apostosov, Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova da iştirak ediblər. Qonaqlar BSU-da fəaliyyət göstərən bolqar tədris-mədəniyyət mərkəzinə baş çəkiblər. Onlara mərkəzin fəaliyyəti, planları barədə ətraflı məlumat verilib. Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin 3-cü kurs, tərcümə fakültəsinin 4-cü kurs tələbələri bolqar ədəbiyyatından poetik nümunələr səsləndiriblər.
Qonaqlar mərkəzə bolqar dilində yeni nəşr olunmuş kitablar hədiyyə ediblər. Sofiya Universitetinin rektoru mərkəzdəki xatirə kitabına BSU barədə təəssüratlarını yazıb.
BSU-nun rektoru, professor Nurlana Əliyeva görüşün gözəl bir günə - Azərbaycan xalqının ən sevimli bayramı olan Novruz bayramı ərəfəsinə təsadüf etdiyini bildirib. Rektor Azərbaycanın Bolqarıstanla dostluq və əməkdaşlığının qədim tarixi ənənələrinin olduğunu vurğulayıb. O, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bu tarixi ənənələrin Azərbaycanın müstəqillik qazandığı dövrdə daha da inkişaf etdiyini, iqtisadi, siyasi, elmi, mədəni və s. sahələri tam əhatə etdiyini bildirib.
Nurlana Əliyeva BSU-nun Bolqarıstanın bir sıra universitetləri ilə sıx əlaqələrə malik olduğunu, universitetdə bolqar tədris-mədəniyyət mərkəzinin fəaliyyət göstərdiyini, Bolqarıstanın bir sıra məşhur ali təhsil müəssisələrində Azərbaycan dilinin və ədəbiyyatının tədris edildiyini bildirib. Rektor yaxın zamanlarda BSU ilə Müqəddəs Kiril və Metodiy adına Velikotırnovı Universiteti arasında da əməkdaşlıq barədə müqavilə imzalanacağını bildirib.
Professor Anastas Gerdjikov ölkəmizi, Azərbaycan xalqını yaxşı tanıdığını, onun adət-ənənələrinə kifayət qədər bələd olduğunu qeyd edib. O, Azərbaycanın dünya multikulturalizminin əsas ocaqlarından biri olduğunu, VII Qlobal Bakı Forumunun xalqlar, ölkələr arasında münasibətlərin yaxınlaşmasına xidmət etdiyini nəzərə çatdırıb.

Elm və təhsil 2019-03-16 14:39:00