×
A
A
A
Sazlamalar

Məktəblilərarası intellektual yarışın qalibləri mükafatlandırılıb

Bakı, 16 mart, AZƏRTAC

Martın 16-da Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi” çərçivəsində Bakı şəhəri 6 nömrəli məktəb-liseyin təşkilatçılığı ilə məktəblilərarası “Fibonacci” intellektual yarışının final və bağlanış mərasimi keçirilib. Yarış ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, final oyununda 10 komanda iştirak edib. Ümumilikdə layihə üzrə 1 promo oyun, 8 oyun, 1 yarımfinal və 1 final mərhələsi keçirilib.
Oyun zamanı iştirakçıların intellektual inkişafı ilə yanaşı, onların istirahəti və qidalanması üçün lazımi şərait yaradılıb.
Məktəblilərin motivasiyasını təmin etmək məqsədilə hər oyunda ilk 3 yeri tutan komanda müxtəlif hədiyyələrlə mükafatlandırılıb. Tədbirdə yarışın qaliblərinə xüsusi hədiyyələr və sertifikatlar təqdim olunub.
İntellektual yarışın məqsədi akademik savadla yanaşı, məktəb-şagird, şagird-müəllim və məktəblərarası əlaqələrin genişləndirilməsi və şagirdlərə müstəqil düşünmək, sərbəst fikir söyləmək, liderlik bacarıqlarını aşılamaqdır.
Qeyd edək ki, “Fibonacci” intellektual oyunlarını digər intellektual oyunlardan fərqli edən cəhət onun sual və tapşırıq növlərinin rəngarəngliyi, yarışda Azərbaycan tarixi, coğrafiyası və mədəniyyətinə xüsusi yer verilməsi, həmçinin oyunun sinxron olaraq həm Azərbaycan, həm də rus dilində keçirilməsidir.

Elm və təhsil 2019-03-16 12:58:00