×
A
A
A
Sazlamalar

Aşqarlar Kimyası İnstitutu elmin ən aktual problemləri ilə bağlı seminarlar təşkil edir

Bakı, 16 mart, AZƏRTAC 

Azərbaycanda elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində bir sıra dövlət əhəmiyyətli tədbirlər həyata keçirilir. Bu sahədə qəbul edilmiş mühüm qərarlardan biri də Prezident İlham Əliyevin Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında 2018-ci il 9 aprel tarixli Sərəncamı olub. Həmin Sərəncama əsasən hər il martın 27-si Azərbaycanda “Elm günü” kimi qeyd ediləcək.
Azərbaycan Milli Elmlər Akademiyasının akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları laboratoriyasının müdiri, müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru, dosent Əfsun Sucayev AZƏRTAC-a açıqlamasında bildirib ki, müəssisədə “Elm günü” ilə bağlı silsilə tədbirlər keçirilir.
O qeyd edib ki, bu əlamətdar günün ölkəmizdə yüksək səviyyədə keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası tədbirlər planı hazırlayıb. Aşqarlar Kimyası İnstitutu da bu plana uyğun olaraq Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi və elmin kütləviliyinin, populyarlığının artırılması istiqamətlərində tədbirlər keçirir.
Birinci istiqamət üzrə institut elmin ən aktual problemləri ilə bağlı elmi seminarlar təşkil edir. Artıq 10-a qədər elmi seminar keçirilib, növbəti seminarların keçirilməsi də planlaşdırılır. Seminarlarda təkcə institutun əməkdaşları deyil, digər sahələrdən də elm adamları məruzələr edirlər.
İkinci istiqamət üzrə Aşqarlat Kimyası İnstitutu “açıq qapı” günləri keçirir. Tələbələr və şagirdlər institutun laboratoriyaları ilə əyani tanış olurlar. Onlar institutun əməkdaşlarının nəzarəti altında özləri təcrübələr aparırlar.
Ə.Sucayev qeyd edib ki, institutun əməkdaşları özləri də orta məktəblərdə şagirdlər üçün maraqlı mühazirələr oxuyurlar, onlar üçün əyləncəli təcrübələr aparırlar. Bütün bunlar şagirdlər arasında elmə marağın artırılmasında mühüm rol oynayır.

Elm və təhsil 2019-03-16 12:40:00