×
A
A
A
Sazlamalar

Alpaqutçular “Əsgərə xatirə kitabı” layihəsi çərçivəsində Cocuq Mərcanlıda ön xətdə xidmət edən əsgərlərlə görüşüblər

Bakı, 15 mart, AZƏRTAC

Azərbaycan Alpaqut Federasiyası “Əsgərə xatirə kitabı” layihəsi çərçivəsində ön xətdə xidmət aparan hərbçilərimizlə növbəti görüş keçirib.
AZƏRTAC xəbər verir ki, Novruz bayramı ərəfəsində təşkil olunan görüşdə federasiyanın birinci vitse-prezidenti Nuranə Şixəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Lələtəpə yüksəkliyində olub, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bir sıra görüşlər keçirib. Ön xətdə xidmətdə fərqlənən hərbçilərə fəxrı fərmanlar, hədiyyələr, bayram sovqatı və kitablar təqdim olunub.
Tədbir çərçivəsində Aprel döyüşlərinin qəhrəmanı, general-mayor Mais Bərxudarov, Cocuq Mərcanlı kənd məktəbinin kollektivi ilə görüş keçirilib. Kənddə inşa edilmiş Şuşa məscidinə bənzər məscid, Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib. Cocuq Mərcanlı parkında təşkil edilmiş sərgi də xüsusi maraq doğurub.
Axşam saatlarında isə əsgərlərlə birgə Novruz tonqalı qalanıb. Bayram tonqalını Aprel şəhidi Elnur Əliyevin anası alovlandırıb.
Azərbaycan Alpaqut Federasiyasının idmançıları əsgərlər qarşısında nümunəvi çıxışlar nümayiş etdiriblər.
Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Azərbaycan Alpaqut Federasiyasının nümayəndələri, idmançılar, əsgər anaları və mətbuat nümayəndələri iştirak ediblər.

 

İdman 2019-03-15 19:56:00