×
A
A
A
Sazlamalar

Genişmiqyaslı təlimlərin yekununa dair səyyar kollegiya iclası keçirilib

Bakı, 15 mart, AZƏRTAC 

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərin yekunlarına dair Müdafiə Nazirliyinin səyyar kollegiya iclası olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin rəhbər heyətinin, birlik və birləşmələrin komandir və qərargah rəislərinin, o cümlədən məsul zabitlərin iştirak etdikləri iclasda nazir, general-polkovnik Zakir Həsənov “Azərbaycan Ordusunun 2019-cu tədris ilinə vəzifələrinin dəqiqləşdirilməsi” mövzusunda məruzə ilə çıxış edib. Təlimlərin nəticələrini təhlil edən müdafiə naziri bildirib ki, qarşıya qoyulan vəzifələr tam icra olunub. Plana uyğun olaraq qoşunlar irimiqyaslı döyüş əməliyyatlarını uğurla yerinə yetiriblər. Təlimlər zamanı idarəetmə orqanları və qoşunların əməliyyat hazırlığı daha da təkmilləşdirilərək yeni səviyyəyə yüksəldilib, qərargahlar qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.
Nazir komandanlığın təlimə cəlb edilən qoşunları idarəetmə bacarığını və hərbi qulluqçuların döyüş əzmini yüksək qiymətləndirib.
General-polkovnik Z.Həsənov keçirilən təlimin əhəmiyyətini vurğulayaraq, Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları bir daha kollegiya iştirakçılarının diqqətinə çatdırıb.

 

Ordu 2019-03-15 11:34:00