×
A
A
A
Sazlamalar

Professor Qərib Mürşüdov ADA Universitetində elmi seminar keçib

Bakı, 14 mart, AZƏRTAC
Kembric şəhərində yerləşən Molekulyar Biologiya İnstitutunun hesablama kristalloqrafiyası laboratoriyasının müdiri, professor Qərib Mürşüdov ADA Universitetində “Molekulyar biologiyada hesablama metodlarının rolu” mövzusunda elmi seminar keçib.
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutundan AZƏRTAC-a bildirilib ki, Azərbaycanın elmi ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbir akademik Roald Saqdeyevin moderatorluğu ilə keçirilib.
Q.Mürşüdovun məruzəsi seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Məruzə ətrafında geniş müzakirələr aparılıb.
Qeyd edək ki, Kembric Molekulyar Biologiya İnstitutu dünyada molekulyar tədqiqatlar sahəsində ən nüfuzlu institut hesab olunur. Hazırda institutda 14 Nobel mükafatçısı çalışır. Professor Qərib Mürşüdovun bu institutda laboratoriya müdiri vəzifəsində çalışması Azərbaycan xalqı üçün qürurdur. O, “Nature”, “Science” və digər nüfuzlu jurnallarda dərc olunan yüzdən çox məqalənin müəllifidir. Azərbaycanlı alimin əsərlərinə istinadların sayı 32000-dən çoxdur. Qərib Mürşüdov, həmçinin AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda beynəlxalq hesablama struktur biologiyası laboratoriyasının müdiridir.

 

Elm və təhsil 2019-03-14 15:08:00