×
A
A
A
Sazlamalar

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi elan edilib

Bakı, 14 mart, AZƏRTAC

Martın 14-də Təhsil Nazirliyində ehtiyat dərsliklərin hazırlanması, təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinə həsr olunmuş mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov və şöbə müdiri Emin Əmirullayev ölkəmizdə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar. Eyni zamanda, ehtiyat dərsliklərin hazırlanması, təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi barədə məlumat verilib.
Bildirilib ki, ibtidai siniflər üçün Azərbaycan dili və riyaziyyat üzrə ehtiyat dərsliklərin hazırlanması Nazirlər Kabinetinin sərəncamına əsasən həyata keçirilir. Təhsil İnstitutu tərəfindən hazırlanan ehtiyat dərsliklər dilin və riyaziyyatın tədrisində beynəlxalq təcrübəyə və müasir təlim texnologiyalarına əsaslanır. Dərslik komplektinə dərslik, müəllim üçün metodik vəsait, iş dəftəri və valideyn bələdçisi daxildir.
Ehtiyat dərsliklərin yazılması işinin təşkili üçün Təhsil İnstitutunda Tədris Resursları Mərkəzi yaradılıb. Bu prosesin ilk mərhələsində Təhsil Nazirliyi tərəfindən verilmiş elan əsasında Azərbaycan dili üzrə 160, riyaziyyat fənni üzrə isə 145 müəllim arasında üçmərhələli müsabiqə keçirilib. Dərsliklərin hazırlınmasına universitetlərdə çalışan alim və pedaqoqlar cəlb edilib. Tədrisi xarici proqramlar əsasında qurulan bir çox beynəlxalq məktəblərdə görüşlər keçirilib, onların təcrübələri öyrənilib və bu məktəblərdə çalışan müəllimlər müsabiqəyə dəvət olunub. Daha sonra ehtiyat dərsliklərin konsepsiyası hazırlanıb və məzmunu təkmilləşdirilib.
Tədris resurslarının istifadəsindən əvvəl onların sınaqdan keçirilməsi nəzərdə tutulur. Artıq 1-ci siniflər üzrə dərsliklər hazırdır. Respublika səviyyəsində 123 sinifdə dərsliklərin pilot layihə üzrə sınağı həyata keçirilir. 123 sinfin 48-i şəhər məktəblərindən, qalanları isə rayon məktəblərindən seçilib. 2-ci sinif üçün dərsliklərin hazırlanması prosesi davam edir. Eyni zamanda, bu il məktəbəqədər təhsil üçün yeni alternativ dərsliklər hazırlanır.
Sınaq müddətində müəllimlərlə sıx əməkdaşlıq ediləcək və nəticələr xüsusi blanklarda təqdim olunacaq. Bu müddətdə ekspertlərin iştirakı ilə dərsliklərin müzakirəsi təşkil ediləcək və ictimai rəy öyrəniləcək. Sınaqda iştirak edən müəllim, ekspert və rəyçilərin irad və təklifləri ümumiləşdiriləcək və dərslik komplektlərinin kütləvi istifadəsi üçün müvafiq düzəlişlər ediləcək.
Ehtiyat dərsliklər müəllim-pedaqoji kontingentin inkişafına təkan verəcək, şagirdlərin beynəlxalq qiymətləndirmələrdə nəticələrinin yüksəlməsinə şərait yaradacaq. Dərslik komplektinə daxil olan valideyn bələdçisi valideynlərin pedaqoji maarifləndirilməsində böyük rol oynayacaq və onları tədris prosesinə cəlb edəcək.
Mətbuat konfransında diqqətə çatdırılıb ki, Təhsil Nazirliyi tərəfindən dövlət ümumtəhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumtəhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi elan edilib. Müsabiqənin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.
Müsabiqə 6 mövzu - təhsilin idarəedilməsi, istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi, keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiqi, təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması, sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması, informasiya-kommunikasiya texnologiyalarının təhsilə tətbiqinin təbliğ edilməsi üzrə keçirilir.
Müsabiqədə iştirak etmək istəyən şəxslər www.grants.edu.az saytında qeydiyyatdan keçməli və müvafiq sənədləri aprelin 1-i saat 18.00-dan gec olmayaraq sistemə yükləməlidirlər. Layihələrin icrasına iyunun 1-dən başlanıla bilər. Layihə təklifinin maliyyələşdirilməsi üçün istənilən məbləğ “Ümumtəhsil müəssisələri” kateqoriyası üzrə 100 min, fərdi kateqoriya üzrə 10 min manatdan çox olmamalıdır.

Elm və təhsil 2019-03-14 14:06:00