×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı qurbanlarının xatirəsi Gürcüstanın Laqodexi rayonunda da ehtiramla anılıb

Tbilisi, 1 mart, AZƏRTAC

Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi Gürcüstanın Laqodexi rayonunda ehtiramla anılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Laqodexi rayon bələdiyyəsinin sədri Kaxa Camburiya, Gürcüstan parlamentin deputatı Quram Maçarişvili, rayon sakrebulunun sədri Canda Mdivnişvili, Azərbaycan səfirliyinin məsul əməkdaşları, Qabal kənd orta məktəblərinin direktorları, müəllim və şagirdləri, kənd sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımından bəhs edən fotosərgiyə baxıblar.
Sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqlik sükutla yad olunub.
Deputat Quram Maçaraşvili çıxışında Azərbaycan-Gürcüstan dostluğundan danışıb. Bildirib ki, Azərbaycan və gürcü xalqları daim sevincli və kədərli günlərdə bir yerdədirlər. “Bu da bizim mehriban dostluğumuzun, qardaşlığımızın parlaq nümunəsidir”, - deyə deputat vurğulayıb.
Rayon bələdiyyəsinin sədri K.Camburiya iki dost xalqın tarixi köklərə söykənən qardaşlıq əlaqələrindən, yaşadıqları oxşar talelərdən danışıb, Azərbaycan xalqının kədərinə şərik olduqlarını bildirib.
Sakrebulonun sədri Canda Mdivniaşvili də çıxışında xalqlarımızın oxşar talelərindən, dövlətçilik və müstəqillik uğurundakı mübarizəsindən danışıb. Bildirib ki, qanlar bahasına qazanılan müstəqillik, qurulan dövlət bir daha süqut etməyəcək.
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Elçin Məmmədov çıxış edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, qabaqcadan düşünülmüş Xocalı soyqırımının səbəbləri barədə geniş məlumat verib.
Bildirib ki, tədbirin məqsədi kədərli faciəmizi dostlarımızla bölüşmək, erməni faşistlərinin xalqımıza və digər millətlərə qarşı tarixən törətdikləri qanlı cinayətləri birlikdə dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Bildirilib ki, cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində 1992-ci il fevralın 26-da Xocalıda 106 nəfəri qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz işgəncələrə, təhqir və həqarətlərə məruz qalıblar.
Vurğulanıb ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə ilk dəfə hüquqi-siyasi qiymət verilib.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hər il xarici ölkələrdə silsilə tədbirlər keçirilir. Görülən işlər nəticəsində Xocalı faciəsi və Dağlıq Qarabağ həqiqətləri barədə dünya ictimaiyyəti daha çox məlumatlar əldə edib. Beynəlxalq hüquqa əsasən Xocalı faciəsinin məhz soyqırımı faktı olduğu sübuta yetirilib. Artıq dünya ölkələrinin bir çoxu Xocalıda törədilən vəhşiliyi soyqırımı faktı kimi tanıyıblar.
Qabal kənd icra nümayəndəsi Namaz Allahverdiyev və başqaları da çıxış edərək Azərbaycan və Gürcüstan dövlətlərinin regionda və dünyada artan nüfuzu, xalqlarımızın dostluq münasibətləri barədə məlumat verib, sevincli anlarımızla yanaşı, kədərli, faciəvi günlərimizdə də daim bizimlə olan gürcü xalqına minnətdarlıqlarını bildiriblər.
Sonra məktəblilər Xocalı soyqırımına həsr olunmuş şeirlər söyləyiblər.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xocalı faciəsi 2019-03-01 20:47:00