×
A
A
A
Sazlamalar

Odessada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Odessa, 1 mart, AZƏRTAC
Ukraynanın Odessa şəhərində Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Odessa Regional Dövlət İdarəetmə İnstitutunda keçirilən anım mərasimində Odessa şəhərinin ziyalıları, alimləri, diaspor fəalları iştirak ediblər.
İnsanlığa və bəşəriyyətə qarşı cinayətlərin yolverilməz olduğunu deyən institutun direktoru, siyasi elmlər doktoru Nikolay İja bildirib ki, Xocalı soyqırımı XX əsrin ən böyük faciələrindən biridir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldovadakı nümayəndəliyinin rəhbəri Aureliya Qriqoriu, professor Svetlana Ovçarenko, institutun aspirantı Olqa Psareva, “Azərbaycan Dəmir Yolları” QSC-nin Ukrayna nümayəndəliyinin rəhbəri Natiq Nağıyev, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Odessa vilayəti üzrə sədri Natiq Talıbov, müavini Namiq Talıbov, diaspor fəalları Famil Camal, Fazil Əsgərov, soydaşlarımız Bayram Əliyev, Mətin Hacıyev, Firdovsi İsgəndərov, Çeçen, Dağıstan icma rəhbərləri və digərləri çıxışlarında qeyd ediblər ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərində qadın, qoca və uşaqlar da daxil olmaqla, yüzlərlə günahsız dinc sakinə qarşı ən qəddar cinayətlər törədiblər. Bildirilib ki, bu, insanlığa sığmayan, öncədən planlaşdırılmış, milli mənsubiyyətinə görə insanların məhv olunması xarakteri daşıyan bir cinayətdir. Son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə dəfələrlə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi bəşəri cinayətlər törədiblər.


Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Odessa

Xocalı faciəsi 2019-03-01 19:00:00