×
A
A
A
Sazlamalar

Tokioda keçirilən “Xocalı faciəsi-insanlığa qarşı cinayət” adlı dəyirmi masa Yaponiya televiziyasında yayımlanıb VİDEO

Tokio, 28 fevral, AZƏRTAC 

Tokioda Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin təşəbbüsü ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilən “Xocalı faciəsi-insanlığa qarşı cinayət” adlı dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, dəyirmi masada Azərbaycanın Yaponiyadakı müvəqqəti işlər vəkili Fərid Talıbov, mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər, “World Investors TV” internet televiziyasının prodüsseri Kazuyasu İşida və AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayev iştirak ediblər. “World Investors TV” internet televiziyasının prodüsseri Kazuyasu İşida bildirib ki, artıq 27 ildir Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən və mülki insanların qətli ilə başa çatan faciə Azərbaycan xalqı tərəfindən bütün dünyada milli kədər günü kimi qeyd edilir. Tədbir iştirakçılarını tamaşaçılara təqdim edən K.İşida bildirib ki, dəyirmi masanın məqsədi yapon tamaşaçıları Xocalı faciəsi, Ermənistan-Azərbaycan Dağlıq münaqişəsi barədə ətraflı məlumatlandırmaqdır.
Çıxış edən müvəqqəti işlər vəkili F.Talıbov 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Azərbaycanın Dağlıq Qarabağ regionunun Xocalı şəhərində erməni silahlılarının dinc əhaliyə tutduğu divan barədə danışıb. Bildirib ki, Xocalı soyqırımı nəticəsində şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Münaqişənin tarixi barədə məlumat verən X.Kələntər bildirib ki, davakar erməni millətçiləri son iki əsrə yaxın bir müddətdə dövlət səviyyəsində tarixi Azərbaycan və Türkiyə ərazilərində mifik “Böyük Ermənistan” dövləti yaratmaq ideyasını gerçəkləşdirmək üçün azərbaycanlılara qarşı qanlı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi cinayətlər törətməkdə davam edirlər. Onlar millətçi-şovinist ideologiyanı həyata keçirərək, erməni “alim”lərinin əli ilə bölgənin real tarixini saxtalaşdırıb, ermənilərə türk-müsəlman xalqlarına qarşı düşmənçilik ruhu aşılayıb, mənəvi təcavüz kampaniyası apararaq indiki Ermənistan ərazisini yerli azərbaycanlılardan tam təmizləyiblər. Cənubi Qafqazda yaşanan və beynəlxalq hüquqa zidd bütün bu proseslər təhrif edilərək, bir tərəfdə “əzabkeş və məzlum” erməni, digər tərəfdə isə “zalım” türk-müsəlman və azərbaycanlı obrazları yaradılıb. Qeyd edib ki, öz xəstə ideyalarını həyata keçirmək üçün dinc insanları qətlə yetirən erməni silahlıları tərəfindən törədilən ən qanlı cinayət məhz Xocalı qətliamıdır.
Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində Azərbaycan dövlətinin fəaliyyəti barədə danışan V.Ağayev bildirib ki, başda ümummilli lider Heydər Əliyev olmaqla, son 15 ildə isə Prezident İlham Əliyevin rəhbərliyi altında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, təcavüzkarın ifşası və işğal edilmiş torpaqlarımızın azad olunması üçün bütün zəruri addımlar atılıb və atılmaqdadır. Azərbaycan dövləti bu məsələnin həlli ilə bağlı bütün imkanları, o cümlədən diaspor təşkilatlarını bu işə cəlb edib. 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyada geniş vüsət almış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası hər yerdə böyük dəstək qazanıb. Hazırda dünyanın 12 ölkəsi, ABŞ-ın 22 ştatı, Böyük Britaniyaya daxil olan Şotlandiyanın parlamenti, tərkibində 57 dövləti birləşdirən İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxlaq qurumlar Xocalı soyqırımını rəsmən tanıyıblar.
Dəyirmi masaya yekun vuran F.Talıbov bir daha qeyd edib ki, Xocalı faciəsi yalnız Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı cinayətdir. Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Yaponiya hökumətinə minnətdarlığını ifadə edən diplomatımız Yaponiya hökumətini və parlamentini, yapon vətəndaşları Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsçüsü olduğu “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına qoşulmağa çağırıb.
Dəyirmi masa “World Investors TV” internet televiziyasında yayımlanıb. Həmin materialda fevralın 26-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin qatıldığı möhtəşəm yürüş barədə fotolar da nümayiş etdirilib.

Xocalı faciəsi 2019-02-28 18:31:00

Video