Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Belarusda Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilib

Minsk, 27 fevral, AZƏRTAC

Azərbaycanın Belarusdakı səfirliyi Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, fevralın 26-da Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı səfirlikdə keçirilən anım mərasimində Türkiyənin Belarusdakı səfiri və səfirliyin əməkdaşı, Minskdə təhsil alan azərbaycanlı tələbələr, Belarus Azərbaycan İcmaları Konqresinin və Minskdə fəaliyyət göstərən “Qobustan” cəmiyyətinin üzvləri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə səfirliyin foyesində Xocalı soyqırımını əks etdirən fotosərgi ilə tanış olublar.
Anım mərasimi Xocalı soyqırımı zamanı həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov çıxış edərək Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin tarixi kökləri, əsrlər boyu xalqımıza qarşı həyata keçirdikləri vəhşiliklər barədə danışıb. O, XX əsrin sonuna yaxın ermənilər tərəfindən törədilən Xocalı soyqırımının özünün miqyasına və amansızlığına görə ən dəhşətli soyqırımlardan biri olduğunu söyləyib. Səfir qeyd edib ki, Azərbaycanda o zaman mərkəzləşmiş rəhbərliyin və idarəetmə sisteminin olmaması faciənin nəticələrini daha da ağırlaşdırıb, məsələyə vaxtında siyasi qiymət verilməyib və hətta beynəlxalq ictimaiyyət də bu barədə məlumatlandırılmayıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan parlamenti tərəfindən ilk olaraq bu faciəyə siyasi qiymət verilib və 26 fevral Xocalı soyqırımı günü kimi elan edilib. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı genişmiqyaslı beynəlxalq təbliğatın nəticəsidir ki, dünya ictimaiyyəti Xocalı soyqırımının real miqyası, dəhşətləri ilə tanış olub. Artıq dünyanın 10-dan çox ölkəsinin parlamenti, ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Xocalıda dinc əhalinin qırğını ən kəskin şəkildə pislənilib, bu faciəsinin soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi tanınmasına dair qətnamələr qəbul olunub. Bu gün həmin siyasətin nəticəsidir ki, Avropanın aparıcı dövlətlərinin paytaxtlarında və böyük şəhərlərində azərbaycanlılar tərəfindən mitinq-yürüşlər keçirilir və xalqımızın haqq səsi dünyaya çatdırılır. Səfir Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2008-ci ildən başladılmış “Xocalıya Ədalət!” təbliğat-informasiya kampaniyasının rolunun böyük olduğunu bildirib.
Qeyd edilib ki, Xocalı soyqırımı kimi faciələrin təkrarlanmaması üçün Azərbaycan hər zaman güclü dövlətə, hakimiyyətə və güclü orduya malik olmalıdır, bu gün hər üç amil ölkəmizdə mövcuddur. Uzun illərdir Azərbaycan dövləti ordumuzun gücləndirilməsinə böyük vəsait ayırır. Bunun nəticəsi olaraq 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusu özünün nələrə qadir olduğunu açıq şəkildə dünyaya nümayiş etdirib.
Tarix bizə heç də hər zaman mərhəmətli olmayıb. Lakin unutqanlığımız hər şeyimizi itirməyə səbəb ola bilər. Buna görə də bu faciəni heç bir zaman unutmamalıyıq. Səfir tarixin çox məsuliyyətli dövründə Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməyin, milli mənafe və düşüncənin möhkəmləndirilməsinin vacib olduğunu söyləyib. O, qeyd edib ki, biz bu gün Qarabağın düşmən işğalından azad olunması ərəfəsindəyik və dövlətimizin başçısının ətrafında sıx birləşməyimiz bu günün tarixi tələbidir.
Türkiyənin Belarusdakı səfiri xanım Nilvana Darama çıxışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət iki dövlət” kəlamını xatırladaraq Dağlıq Qarabağ probleminin yalnız Azərbaycanın deyil, eyni zamanda, Türkiyənin də ağrılı problemi olduğunu bildirib və Avropanın müxtəlif ölkələrində Xocalı soyqırımının anım günü ilə bağlı tədbirlərdə türk diasporunun Azərbaycan diasporu ilə birgə iştirak etdiyini söyləyib.
Sonda tədbir iştirakçılarına Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş etdirilib və onlara Xocalı soyqırımı ilə bağlı səfirlik tərəfindən hazırlanmış press-relizlər paylanılıb.
Filmin nümayişindən sonra geniş müzakirələr aparılıb. Müzakirələrdə Azərbaycan Respublikasının Belarusdakı hərbi attaşesi Elşən Rəhimov, Azərbaycan İcmaları Konqresinin Gənclər Təşkilatının rəhbəri Olesya Kosoykina, təşkilatın üzvü Vüsal Qarayev, Belarus Dövlət Tibb Universitetinin tələbəsi Şəhriyar Zülfiqarov və keçmiş hərbçi həkim Azər İsayev çıxış edərək milli birliyimizin möhkəmləndirilməsinin və dövlət başçısının ətrafında sıx birləşməyin zəruriliyini bildiriblər.
Elə həmin gün səfirliyin təşəbbüsü və təşkilatçılığı ilə Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetində yerləşən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi ilə birlikdə Universitetin azərbaycanlı və belaruslu tələbələrin iştirakı ilə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Mərkəzin rəhbəri Şəfiqə Məmmədova və səfirliyin birinci katibi Cavid İbayev çıxış edərək Xocalı faciəsi ilə bağlı tələbələrə geniş məlumat verdikdən sonra Xocalı soyqırımına dair Heydər Əliyev Fondu tərəfindən hazırlanmış sənədli film nümayiş etdirilib.
Bundan başqa, fevralın 25-də, həmçinin səfirlik Belarusun Babruysk şəhərində fəaliyyət göstərən “Vətən” cəmiyyəti ilə birlikdə bu şəhərdə yaşayan azərbaycanlıların iştirakı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirib. Tədbirdə səfirliyin müşaviri Zülfüqar Tanarverdi çıxış edərək XX əsrin 90-cı illərində ermənilər tərəfindən xalqımızın başına gətirilmiş faciələr və xüsusən Xocalı soyqırımı ilə bağlı tədbir iştirakçılarına məlumat verib. “Vətən” cəmiyyətinin sədri Eyyub Yusifov və Qarabağ müharibəsi veteranı İlyas Sadıqov çıxış edərək Xocalı soyqırımı kimi faciələrin təkrarlanmamağı üçün həmvətənlərimizi Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında birliyə çağırıblar.
Səfirlik fevralın 28-də Belarusun Qomel şəhərində yaşayan azərbaycanlılar ilə birlik Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirəcək. 

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk

Xocalı faciəsi 2019-02-27 19:03:00