×
A
A
A
Sazlamalar

Moldovada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Kişineu, 27 fevral, AZƏRTAC

Moldovanın Millətlərarası Bürosunun Xolokost muzeyində Azərbaycanın Moldovada səfirliyi və Moldova Azərbaycan Konqresinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, muzeydə Xocalı faciəsini əks etdirən fotosərgi təşkil olunub.
Tədbirdə Moldovanın ictimai xadimləri, azərbaycanlı deputatlar, Moldovada akkreditə olan diplomatik nümayəndəliklərin əməkdaşları, yerli KİV təmsilçiləri, azərbaycanlı və türk tələbələr, o cümlədən Moldovada yaşayan həmvətənlərimiz iştirak ediblər.
“Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində keçirilən tədbirin iştirakçıları əvvəlcə Xocalı soyqırımını əks etdirən kitab və fotolardan ibarət sərgi ilə tanış olublar.
Xocalı soyqırımı zamanı, həmçinin Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həyatlarını qurban vermiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən səfir Qüdsi Osmanov XX əsrdə Azərbaycan xalqının başına gətirilmiş ən dəhşətli faciələrdən biri olan Xocalı soyqırımı haqqında məlumat verib, xalqımızın zaman-zaman erməni işğalçıları tərəfindən görünməmiş zülmlə və haqsızlıqlarla rastlaşdığını, günahsız qurbanlar verdiyini, belə dəhşətli hadisələrdən birinin də məhz Xocalı faciəsinin olduğunu bildirib. Səfir Xocalı faciəsinin nəinki azərbaycanlılara, eləcə də bütün insanlığa qarşı törədilmiş bir cinayət olduğunu qeyd edib. Gələcəkdə bu cür dəhşətlərin yaşanmaması üçün faciənin beynəlxalq aləmdə tanıdılmasının, dünya ictimaiyyəti tərəfindən ona əsl hüquqi qiymətin verilməsinin vacibliyini diqqətə çatdırıb.
Diplomat Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının dünya ictimaiyyətinə bu faciə barədə həqiqətlərin çatdırılması istiqamətində böyük rol oynadığını bildirib.
Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Q.Osmanov münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin mənafeyinə uyğun şəkildə sülh yolu ilə həll olunması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında görülən işlərdən söz açıb.
Xocalı soyqırımının Azərbaycan xalqının ağrılı yarası olduğunu bildirən Moldova Millətlərarası bürosunun direktoru Oleq Babenko bu faciəni insanlığa qarşı çevrilmiş bir faciə kimi dəyərləndirib, Xocalı faciəsini törədən cinayətkarları pisləyib, soyqırımı barədə dünya ölkələrinin məlumatlandırılmasının vacib olduğunu bildirib. O, ağır gündə Moldova xalqının Azərbaycan xalqının yanında olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Azərbaycan tərəfindən nümayəndəsi Asif Hacıyev səfirlik tərəfindən belə bir tədbirin keçirilməsinin, həmçinin Xocalıya dair filmin nümayiş etdirilməsinin önəmini qeyd edib.
Moldovada Bakı multikulturalizm mərkəzinin rəhbəri Aureliya Qriqoriu artıq "Xocalıya ədalət" şüarlarının dünyanın bütün tribunalarından səsləndiyini, Moldovanın Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqının ağrısını bölüşdüyünü deyib.
Azərbaycan Milli Məclisinin deputatı Sabir Hacıyev Xocalı soyqırımının Azərbaycan xalqının şüurunda fundamental yer tutduğunu bildirib. Faciənin ağır nəticələrindən danışan deputat 1992-ci ilin Azərbaycan tarixi üçün ağır və iztirablı olduğunu vurğulayıb. “Belə hadisələrə doğru qiymət vermək lazımdır ki, bu cür hadisələr gələcəkdə təkrarlanmasın”, - deyə deputat bildirib.
Moldova Azərbaycan Konqresinin sədri Vüqar Novruzov Xocalı faciəsinin Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olduğunu söyləyib. O, Moldova Azərbaycan Konqresi tərəfindən Xocalı faciəsi ilə bağlı Moldovada aparılan təbliğat işləri barədə iştirakçılara məlumat verib.
Moldova Respublikasının Effektiv Siyasət İnstitutunun direktor müavini, tarix elmləri doktoru Ruslan Şevçenko erməni işğalçılarının Xocalı qətliamının Azərbaycan xalqı və dövlətinin iradəsini qırmaq üçün törədildiyini, lakin buna nail olmadıqlarını söyləyib. O, eyni ssenarinin Moldova xalqı üçün yazıldığını vurğulayaraq, bu dəhşətli faciədən dərs çıxarmağa çağırıb.
Türkiyənin Moldovadakı səfiri Gürol Sökmensüer Xocalı faciəsinin əsrin digər dəhşətli hadisələri ilə bir sırada durduğunu bildirib. O, bu hadisəni insanlığın utancı, xəstə milliyyətçiliyin və təcavüzün təzahürü adlandırıb. Səfir erməni cəlladlarının hələ XX əsrin əvvəllərində oxşar hadisələri türk xalqının başına gətirmək və sonra uydurma soyqırımı bəsləmək cəhdlərini xatırladıb.
Tədbirdə Xocalı faciəsindən bəhs edən və tamaşaçılara bu dəhşətlərin canlı şahidləri olmuş insanların danışdıqlarını çatdıran “Tragedy Khojaly” sənədli filmi nümayiş olunub. Həmçinin iştirakçılara Xocalı soyqırımı ilə bağlı bülletenlər paylanılıb.
Sonda tədbir iştirakçıları Moldovanın Millətlərarası Bürosunun Xolokost muzeyində təşkil edilmiş stendlə tanış olub, önünə qərənfillər düzüblər.

 

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu

Xocalı faciəsi 2019-02-27 16:24:00