×
A
A
A
Sazlamalar

Çilili jurnalist Pablo Xofre: Xocalı bizdən xatırlamağı tələb edir

Bakı, 27 fevral, AZƏRTAC

Latın Amerikasının geniş auditoriyaya malik Telesur TV, Çilinin “Diario Universidad de Chile”, İspaniyanın “Rebelion” xəbər portallarında çilili jurnalist və beynəlxalq analitik Pablo Xofrenin “Xocalı bizdən xatırlamağı tələb edir” sərlövhəli məqaləsi dərc olunub.
Azərbaycanın Argentinadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, məqalədə 27 il əvvəl fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet imperiyasının 366-cı motoatıcı alayının köməyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı törədilməsindən danışılır. Mülki əhalinin qətlə yetirildiyi Xocalı soyqırımının 27-ci ildönümündə dünyada törədilən təcavüz aktlarının xatırlanmasının və ədalətin tələb edilməsinin günbəgün daha vacib olduğu bildirilir. Müəllif Azərbaycan ərazilərinə qarşı hərbi təcavüzü, Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınmış Dağlıq Qarabağ daxil olmaqla 20 faiz ərazisinin indiyədək Ermənistan tərəfindən işğal altında saxlandığını, BMT Təhlükəsizlik Şurasının bu ərazilərdən çəkilmək və onu öz legitim sahibinə qaytarmaq barədə qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilmədiyini vurğulayır.
Pablo Xofre yazır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın işğalçı qüvvələri tərəfindən Xocalıda 613 nəfər dinc sakin, o cümlədən 63 uşaq, 106 qadın, bəzi ailələr bütünlüklə qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb və 150 nəfər itkin düşüb. Dağlıq Qarabağın digər rayon və kəndlərinə hücum azərbaycanlı əhalinin kütləvi köçü ilə nəticələnib. Erməni işğalçı hərbi qüvvələrinin nəzarəti altına keçmiş Xankəndi və Əsgəran rayonlarından ağır artilleriya ilə Xocalı sistematik qaydada atəşə tutulub. Ermənilər üçün Xocalının işğalı regionun mülki hava limanının burada yerləşməsi səbəbindən strateji əhəmiyyət daşıyıb.
Müəllif qeyd edir ki, Xocalını xatırlamaq beynəlxalq ictimaiyyətin təməl prinsiplər kimi qəbul etdiyi xalqların ərazi bütövlüyü, beynəlxalq hüquqa hörmət və münaqişələrin sülh yolu ilə həlli, beynəlxalq hüquqi öhdəliklərə hörmət kimi prinsipləri xatırlamaq deməkdir. Xocalı bizə xatırladır ki, Dağlıq Qarabağ işğal altındadır və bir daha yada salır ki, Ermənistan beynəlxalq qanunvericiliyi pozur. Xocalı bizə xatırladır ki, BMT və onun Təhlükəsizlik Şurası kimi beynəlxalq təşkilatlar beynəlxalq hüququn öhdəliklərinin yerinə yetirilməsini tələb etməlidir.
Məqalədə bildirilir ki, Xocalı soyqırımından üç onillik keçməsinə baxmayaraq, nə soyqırımı qurbanları və onların ailələri üçün, nə də əraziləri hələ də işğal altında olan Azərbaycan üçün ədalət bərpa edilməyib.
Pablo Xofre yazır ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, beynəlxalq sərhədlərin dəyişməzliyi və ərazilərin işğalı məqsədilə gücdən istifadənin yolverilməzliyi təsbit olunub, həm Təhlükəsizlik Şurasının, həm də Baş Assambleyasının qətnamələrində Dağlıq Qarabağ haqqında “Azərbaycanın işğal olunmuş əraziləri” olaraq bəhs edilib. Digər beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası, NATO və Avropa Parlamentinin sənədlərində Dağlıq Qarabağla bağlı BMT tərəfindən tələb olunan öhdəliklərin yerinə yetirilməsinə ehtiyac var. İslam Əməkdaşlıq Təşkilatı, həmçinin Xocalıda törədilənləri 2010-cu ildə soyqırımı olaraq tanıyıb.
Xocalı soyqırımının ağır nəticələrindən bəhs edən Pablo Xofre, bunun təkcə 613 dinc sakinin öldürülməsi ilə nəticələnən insan hüquqlarının pozuntusundan ibarət olmadığını, Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni işğalın hər izində mövcud olduğunu qeyd edir. Bu baxımdan insanların zorla öz yurdlarından didərgin salınması, mənəvi-psixoloji zülmə, iqtisadi çətinliklərə məruz qalması, öz tarixi köklərindən qoparılması və zərərçəkmiş insanların haqlarının bu günədək bərpa edilməməsi, habelə işğal, talan, qəsb və BMT-nin Nizamnaməsini pozan davranışların möhkəmləndirilməsi kimi faktlar sadalanır.
Dördüncü Cenevrə Konvensiyasının 6-cı paraqrafının 49-cu maddəsinə istinad edən müəllif Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonunu işğal etmiş Ermənistan tərəfindən azərbaycanlıların zorla deportasiya edilməsinin Ermənistan rəsmilərinə bu ərazilərdə ermənilərin çoxluq təşkil etdiyi görüntüsü yaratmağa imkan verdiyini, öz əhalisini bu ərazilərə köçürməklə açıq şəkildə beynəlxalq konvensiyaların müddəalarını pozduğunu qeyd edir. Vurğulayır ki, bu cür hərəkətlər müharibə cinayəti hesab olunur və vəziyyətin ciddiliyindən xəbər verir. Təkcə bu həqiqət BMT-ni məcbur edərdi ki, təşkilatın xartiyasının altıncı fəslini bir kənara qoyub, yeddinci fəslindəki müddəaları yerinə yetirsin və Ermənistanın Dağlıq Qarabağdan beynəlxalq sülhə təhlükə yaratdığını bəyan etsin.
Çilili jurnalist və analitik sonda regionda sülhün Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərin mütləq qaydada və müzakirəsiz Azərbaycana qaytarılması ilə mümkün olacağını vurğulayır. Xocalıya ədalətin bərpasının, ilk növbədə, beynəlxalq hüquqa və insan hüquqlarına hörmətin zəruri şərti olduğunu, Xocalının bizdən xatırlamağı tələb etdiyini bildirir.

Xocalı faciəsi 2019-02-27 00:43:00