×
A
A
A
Sazlamalar

Şəhrizad Süleyman: Vətənin kədəri kədərimiz, sevinci sevincimiz, uğuru uğurumuz olmalıdır

Əbu-Dabi, 26 fevral, AZƏRTAC

Fevralın 26-sı XX əsrdə insanlığa qarşı törədilən ən qanlı cinayət – Xocalı soyqırımının 27-ci ildönümüdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə azğınlaşmış erməni quldurları tərəfindən Xocalıda azərbaycanlı əhaliyə qarşı həyata keçirilən soyqırımı əslində bəşəriyyətə qarşı törədilmiş cinayətdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Əbu-Dabi Universitetinin müəllimi, şərqşünas və tədqiqatçı Şəhrizad Süleyman deyib.
Bildirib ki, xalqımızın qan yaddaşı olan Xocalı soyqırımını törədənlərin ifşa edilməsi, ona hüquqi qiymətin verilməsi və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması dövlətimizin xarici siyasətinin əsas istiqamətlərindən biridir: “Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv, hüquqi qiymətin verilməsi istiqamətində davamlı olaraq addımlar atılır. Bu baxımdan Heydər Əliyev Fondunun gördüyü işlər olduqca təqdirəlayiqdir. Belə ki, Fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi ilə müxtəlif dillərdə Xocalı soyqırımından, erməni qəsbkarları tərəfindən zəbt olunan əzəli torpaqlarımızın tarixindən bəhs edən kitablar çap olunub. Həmin nəşrlər ölkəmizlə bağlı həqiqətlərin dünyada yayılmasında, əcnəbi vətəndaşların Xocalı faciəsi haqqında ətraflı məlumat toplamasında əvəzsiz rol oynayır”.
Şəhrizad Süleyman qeyd edib ki, Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qətlə yetirilməsinin “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” olduğunu müəyyən edib.
Hər il fevralın 26-da müxtəlif ərəb ölkələrinin radio-televiziyalarında, mətbu orqanlarında, məşhur xəbər saytlarında Xocalı faciəsi geniş şəkildə işıqlandırılır. Bu baxımdan, Azərbaycanla dost ölkə olan Birləşmiş Ərəb Əmirlikləri KİV-lərində də Xocalı soyqırımına, Qarabağ həqiqətlərinə dair dolğun şəkildə informasiya verilir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının fəaliyyəti barədə suala cavabında Şəhrizad Süleyman qeyd edib ki, bu kampaniya çərçivəsində Əbi-Dabi Universitetində bir neçə il ardıcıl olaraq Xocalı faciəsinə, Qarabağ həqiqətlərinə həsr olunan konfrans və seminarlar təşkil olunub. Bu tədbirlərin məqsədi tarixən xalqımızın başına gətirilən müsibətlər, Ermənistan tərəfindən Azərbaycana qarşı başlanmış müharibənin səbəb və nəticələri, Xocalı faciəsi, Qarabağ savaşının gerçək mahiyyəti, habelə qədim tariximiz, mədəniyyətimiz haqqında yerli və əcnəbi tələbələri ətraflı məlumatlandırmaq olub. “Zənnimcə, xaricdə yaşayan hər bir azərbaycanlı ziyalı mənfur düşmən caynağında əsir qalan Qarabağımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması yolunda çalışmalıdır. Vətən bizlərin qibləgahı, müqəddəs and yerimizdir! Vətənin kədəri kədərimiz, sevinci sevincimiz, uğuru uğurumuz olmalıdır!”, - deyə Şəhrizad Süleyman bildirib.


Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi

Xocalı faciəsi 2019-02-26 21:44:00