×
A
A
A
Sazlamalar

Xocalıya ədalət...

Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Nizami Kino Mərkəzində “Araxçın” Məhdud Məsuliyyətli Cəmiyyətin “Silent Communication” komandasının Elnarə Xəlilova ilə birgə ərsəyə gətirdiyi “Xocalıya ədalət” klipinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Xocalı soyqırımına həsr edilmiş bu klipin digərlərindən fərqi mahnının sözlərinin, həmçinin işarət dilində nümayişi olub.
Təqdimat mərasimində əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib. Himni, həmçinin Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 2 nömrəli internat məktəbinin şagirdləri işarət dilində ifa ediblər.
Sonra Xocalı faciəsinə dair məlumatlar verilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
“Araxçın” MMC-nin rəhbəri Fatimə Süleymanova və “Silent Communication” komandasının əlaqələndiricisi və jest dili surdotərcüməçisi Könül Quliyeva Xocalı faciəsindən, həmin gecə əliyalın əhalinin başına gətirilən müsibətlərdən danışıblar. Onlar klipin məqsədinin fiziki məhdudiyyətli insanların Vətən, millət sevgisini ön plana çəkmək olduğunu deyiblər.
Klipin nümayişindən sonra qonaqlar təəssüratlarını bölüşüb, onun fiziki məhdudiyyətli gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasına töhfə verəcəyini bildiriblər.
Tədbirboyu səslənən fikirlər jest dilinə tərcümə edilib.
“Xocalıya ədalət” mahnısının sözləri Yusif Savalanın, musiqisi Elnarə Xəlilovanındır.

Xocalı faciəsi 2019-02-26 21:27:00