×
A
A
A
Sazlamalar

Dürdanə Məmmədova: Torpaqlarımızın düşmən tapdağından tezliklə azad ediləcəyinə inanırıq

Bakı, 26 fevral, Leyla Qurbanova, AZƏRTAC

İyirmi yeddi il əvvəl fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıda dinc əhaliyə divan tutaraq qanlı qırğın törətdilər. Bütöv bir şəhər tək gecədə yerlə-yeksan edilərək Yer üzündən silindi. Xocalı soyqırımı dünyada misli görülməmiş faciədir. Əsrlər keçsə də, bu qanlı hadisə xalqımızın yaddaşından silinməyəcək.
Bu sözləri fevralın 26-da Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət etməyə gələn Xocalı şəhər sakini Dürdanə Məmmədova AZƏRTAC-a müsahibəsində deyib.
Soyqırımı zamanı onlarla qohumunun və yaxınının qətlə yetirildiyini deyən D.Məmmədova vurğulayıb: “1992-ci il yanvarın 19-da ailə qurdum. Həmin toy mərasimi Xocalı şəhərində sonuncu toy şənliyi oldu. Toyda iştirak edən qohumlarımızın və dostlarımızın əksəriyyəti faciə zamanı qətlə yetirildilər. Həyat yoldaşım döyüşlərdə yaralanaraq əlil oldu. Bizi ermənilərin vəhşiliyi ilə yanaşı, dünya ictimaiyyətinin bu qanlı qırğına hələ də göz yumması hiddətləndirir. Xocalıda törədilən qanlı qırğın insanlığa qarşı vəhşilik idi. Xocalı hadisələrində yaşadıqlarımı və gördüklərimi heç vaxt unutmayacağam. İnanırıq ki, Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət nəticəsində tezliklə torpaqlarımızı işğaldan azad edəcək, şəhidlərimizin qisasını yerdə qoymayacağıq”.

Xocalı faciəsi 2019-02-26 20:38:00