×
A
A
A
Sazlamalar

Gürcüstan Azərbaycanlıları Konqresində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Tbilisi, 26 fevral, AZƏRTAC

Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) Marneulidəki mənzil qərargahında Xocalı qətliamının 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Gürcüstan parlamentinin deputatları, ictimaiyyət nümayəndələri, ziyalılar iştirak ediblər.
GAK sədri Hüseyn Yusubov tədbiri açıq elan etdikdən sonra Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra H.Yusubov Xocalı faciəsi barədə ətraflı məlumat verib, 27 il əvvəl Azərbaycanın Xocalı şəhərində baş verənlərin Cənubi Qafqazda ən dəhşətli, misli görünməmiş qətliam olduğunu vurğulayıb.
Parlamentin deputatı Ruslan Hacıyev, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazıl Həsənov, ictimai fəal Leyla Məmmədova, ziyalı Əli Nağıyev, Dmanisi rayon bələdiyyə məclisinin üzvü və Orzuman ərazi vahidliyində GAK-ın təmsilçisi Kamran Xıdırov, Xocerni kəndində təmsilçi Hüseyn Əbdürrəhmanov da tədbirdə çıxış ediblər.
Çıxışlarda Xocalı faciəsinin ermənilər tərəfindən bir millətə qarşı törədilmiş soyqırımı olduğu bildirilib. Qeyd olunub ki, bir gecədə bütöv bir şəhərin yerlə-yeksan edilməsi, 613 insanın, o cümlədən uşaq, qoca və qadınların qəddarlıqla qətlə yetirilməsi insanlığa qarşı törədilmiş ən ağır cinayətdir. Dünya ictimaiyyəti bu cinayətə münasibət bildirməli, erməni cəlladları və onların havadarları layiq olduqları cəzanı almalıdırlar.
Mərasimdə Sevil Dəmirçiyevanın rəhbərliyi ilə Baydar məktəbinin şagirdlərinin Xocalı faciəsi ilə bağlı hazırladıqları kompozisiya təqdim olunub.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xocalı faciəsi 2019-02-26 17:17:00